AZ

Macarıstan Ukrayna üçün 90 milyardlıq avroluq Aİ kreditini blokladı

Macarıstan Avropa İttifaqının Ukrayna üçün razılaşdırdığı, ölkənin maliyyə vəziyyətinin sabitləşdirilməsinə yönəlmiş 90 milyard avroluq kreditin ayrılmasını bloklayıb.

"Unikal" xəbər verir ki, bu barədə The Financial Times (FT) dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Macarıstanın Aİ yanında səfiri Aİ büdcəsi ilə zəmanət verilən öhdəliklərin buraxılmasına mane olaraq, Kiyevə sözügedən məbləğin verilməsinin qarşısını alıb.

Kredit ötən ilin dekabrında Avropa İttifaqı liderləri tərəfindən razılaşdırılmışdı. Macarıstan, Slovakiya və Çexiya Ukraynaya yalnız kreditin qaytarılması və faiz ödənişlərinə görə məsuliyyət daşımamaq şərti ilə dəstək verməyə razılaşmışdılar.

FT yazır ki, Avropa Komissiyasının Aİ büdcəsindəki “ehtiyat mexanizmi”ndən istifadə edərək borclanma aparması və Ukraynaya kredit ayırması üçün hələ də yekdil qərar tələb olunur.

Nəşrin qeyd etdiyi kimi, Macarıstanın vetosu nəticəsində 8 milyard avroluq BVF (IMF) proqramı da risk altına düşüb, çünki bu proqram Aİ kreditindən asılıdır. FT-nin məlumatına görə, Budapeştin mövqeyi ölkədə apreldə keçiriləcək seçkilərlə əlaqəlidir: seçkilər ərəfəsində baş nazir Viktor Orbanın anti-Ukrayna ritorikası güclənib.

“Bu kredit olmadan Ukrayna ikinci rübdə maliyyə çöküşü ilə üzləşə bilər”, — deyə FT xəbərdarlıq edir.

Xatırladaq ki, daha əvvəl Macarıstan və Slovakiya Kiyevin “Drujba” neft kəməri ilə Rusiya enerji daşıyıcılarının nəqlindən imtina etməsinə cavab olaraq Ukraynaya dizel yanacağının tədarükünü dayandırmışdı. Ukrayna neft kəmərinin Rusiyanın zərbələri nəticəsində zədələndiyini bildirsə də, Macarıstan və Slovakiya hakimiyyətləri Kiyevin bu məsələdə qeyri-səmimi ola biləcəyini iddia edir.

Seçilən
45
50
unikal.az

10Mənbələr