AZ

Namaz qılmadan oruc, Ramazanda musiqi, bahalı iftar süfrələri: İlahiyyatçı nə deyir? - MÜSAHİBƏ

Ramazan ayında oruc tutmaq müsəlmanlar üçün önəmli ibadətlərdən biridir. 

Lakin oruc tutmaqla bağlı cəmiyyətdə fərqli fikirlər, miflər və yanlış təsəvvürlər var. İnsanlar arasında orucun düzgün tutulması, istisnalar və sağlamlıq məsələləri ilə bağlı suallar yaranır.

Mövzu ilə bağlı İlahiyyatçı Tural İrfan “Cebheinfo.az”-ın suallarını cavablandırıb:

- Hansı hallarda səhhətə görə oruc tutmamaq dini baxımdan icazəlidir?

- Oruc İslam dinində əmr olunmuş ibadətlərdən biridir. Odur ki, oruc tutarkən insanın tamamilə sağlam olması şərtdir, eyni zamanda, səfərdə olmaması da tələb olunur. Ona görə ki, ibadətlər insanı zəhmətə salmaq üçün deyil, əksinə, insanların rahat əməl etməsi üçün müəyyən olunub. Xüsusəndə Ramazan ayı zəhmət ayı yox, rəhmət ayıdır. 

Bu ayda insanlar əziyyət çəkməməli, əksinə, ruhən və mənən dincəlməlidir. Eyni zamanda, oruc tutaraq bədənlərini sağlamlaşdırmalıdırlar. Necə deyirlər, sağlam bədəndə sağlam ruh olar. İnsanların oruc tutarkən sağlam olması əsas şərtlərdən biridir. 

Xəstəliyi olan, həkim məsləhətinə görə oruc tutması mümkün olmayan şəxslər oruc tutmamalıdırlar və bunun heç bir günahı yoxdur. Sadəcə Ramazanın sonunda imkan daxilində fitrə verməlidirlər. 

Yaxud imkansız şəxslər Ramazan ayı ərzində iftar süfrələri aça və digər yaxşılıqlar edə bilərlər. Xəstə olan şəxslər, yaşı 70-i keçənlər, hamilə və süd verən analar üçün İslam şəriətinə görə oruc tutmaq uyğun hesab olunmur.

- Ramazanda bəzi insanlar oruc tutarkən gündüzü yatmaqla keçirir. Bu yanaşma orucun ruhuna uyğundurmu?

- Ramazan ayı insanın əslində oyaq olma ayıdır, yatmaq ayı deyil. Ramazanda nəinki çox yatmaq olmaz, imkan daxilində az yatmaq daha fəzilətlidir. Bu, ona görə belədir ki, Peyğəmbər həzrətlərinin buyruqlarında bu cür tövsiyə olunub. 

Bu, həm tibbi baxımdan insan üçün faydalıdır, həm də vaxtını sərfəli istifadə etməsi üçün az yatmaq tövsiyə olunur ki, insan daha çox ibadət etməyə vaxt ayırsın. Təbii ki, bəzi şəxslər oruc tutarkən vaxt tez gəlib keçsin deyə gündüzlər yataraq keçirirlər. Bu doğru deyil. 

Bu, insanın həyat rejimində pozulmaya gətirib çıxara bilər. Tibblə yanaşı, din də bunun əleyhinədir, çünki buyurulur ki, cismi Allah insanlara əmanət olaraq verib, ona əziyyət vermək olmaz. Həkimlər də tövsiyə edirlər ki, gecələr oyaq qalıb gündüz yatmaq doğru deyil.

Qurani-Kərimdə buyurulur ki, Allah gecənizi sizlər üçün bir örtük qərar verib, yatıb dincəlməniz üçün qaranlığı yaratdı, gündüzü də işıqlı etdi ki, siz ibadət edib öz işinizlə məşğul olasınız. 

Bu baxımdan, insan Ramazan ayında işlərini elə tənzimləməlidir ki, gündüz yatmaqla keçirməsin, ibadətlə, yaxşılıqlarla keçirsin. Adamların gündüz yatması orucu pozmasa da, böyük günah olmasa da, bəyənilməyən bir işdir.

- Namaz qılmayan şəxsin orucu qəbul edilirmi?

- İslam dinində vacib ibadətlər bir neçə qismə bölünür və onların hökmü eynidir. Məsələn, oruc və namazın hökmü eynidir, ikisini də tərk etmək böyük günahlardandır. Oruc və namazdan birini tərk etmək haram hesab olunur. 

Təbii ki, müxtəlif səbəblər iş rejimi, sağlamlıq və ya digər zəruri ehtiyaclar üzündən ibadətlərdən birini tərk etmək mümkündür. Məsələn, bəzi insanlar bir neçə gün oruc tuta bilirlər, qalanını isə tuta bilmirlər, yaxud beş namazın bir neçəsini qıla bilirlər, qalanını isə qıla bilmirlər. 

Dində məcburiyyət olmadığı üçün bu hallar nəzərə alınır. İnsan edə bilmədiyi ibadətlərin qəzasını şərait yarananda yerinə yetirə bilər. Ancaq namaz qılmayan şəxsin oruc tutması düzgün deyil demək olmaz. 

Məntiq baxımından bu ziddiyyətli deyil, çünki Allahın iki vacib ibadətini birini yerinə yetirib, digərini itirmək insan üçün timsal ola bilər. Bu, bəzən belə izah edilir, insan bir valideyni çox sevsə də, digərinin üzünə baxmaya bilər. Oruc və namaz İslam dinində insanın iki valideyni kimi də təmsil olunur. 

Qəsdən bu ibadətləri tərk etmək böyük günah hesab edilir. Yerinə yetirdiyi orucu namaz qıla bilməmək pozmur, amma onun əhliyyət və savabını azaldır. İnanan bir tərəfdən savab qazanır, digər tərəfdən isə savabı itir. 

Bunun yolu odur ki, insan bacardığı qədər namaz qılsın. Namaz qılamayan insanlar olsa belə, bu Ramazan ayında oruc fəzilətindən məhrum olmamalıdır. Tutduqları orucun fəzilətini itirməmək üçün namaz qılmağa cəhd etməlidirlər.

Bütün namazları yerinə yetirə bilməsələr də, gücləri çatdığı qədər yerinə yetirməlidirlər. Təəssüf ki, bəzi dini xadimlər ibadətləri çətinləşdirirlər. Cəmiyyət də onu çətin və məsuliyyətli ibadət kimi qəbul edib dindən uzaqlaşır. Əslində belə deyil. 

Məsələn, namazı ayaq üstə qıla bilməyən şəxs oturaq da qıla bilər. Namazın yerində qılma şərti olmayan şəxs avtomobildə də qıla bilər. Hətta namazın insanın uzandığı yerdə də qılınmasına icazə verilir, çünki bu, xəstələr və yaşlı insanlar üçün nəzərdə tutulub.

- Sadə iftarla zəngin və israfçı iftar arasında dini baxımdan hansı fərq var?

- Həzrəti Məhəmməd (s.a.v.) bir hədisdə buyurur ki, fəqirlik fəxrdir. Sadə şəkildə yaşamağı şərəf və fəxr hesab etmək, onunla da müsəlmanlar üçün nümunə olmuşdur. İnsan təvazökar və var-dövlətdən uzaq olmalıdır. Buna görə də Hz. Məhəmməd (s.a.v.) məxfiləri sadə edir. 

Eyni zamanda, onun yaşam tərzi də sadə olub. Məhz bu baxımdan insanlar iftar süfrələrini də sadələşdirməlidirlər. Çünki Ramazan ayı insanın bədəninin pəhriz saxlayaraq tərbiyə olunması, həm də bir növ onun ruhuna azadlıq verilməsini nəzərdə tutur. Yəni maddi qidalarda mümkün qədər qənaət etmək lazımdır. Orucun pəhriz tərəfi üçün zəngin iftar süfrələri açmaq düzgün deyil. Bu bir tərəfdən sosial bərabərliyi pozur.

Tutaq ki, yüksək maddi imkan sahibi insanlar bahalı süfrələr təşkil edir və bəzən bunu ictimaiyyətlə paylaşırlar. Digər kasıb təbəqə bunu edə bilmir və buna görə Ramazan ayının mahiyyəti pozulur. O bərabərlik, birlik və insanların bir-birinə mehribanlığı pozulur, kin-kudurət yaranır.

Bu baxımdan da zəngin iftar süfrələri yolverilməzdir. O, sərt deyil ki, iftar süfrəsinə öz qohumlarını, iş yoldaşlarını çağırsın. Lap yol üstündən keçən insan olsa belə, oruc tuta bilər. Maddi vəziyyəti qənaətbəxş olmayan şəxslər də normal süfrə ilə oruc açmalıdır. 

Yəni kimsə öz çevrəsində dəvət etsə də, bu, ifrat süfrə və qonaqlıq məclisinə çevrilməməlidir.İftar süfrəsinin əsas mahiyyəti insanların sosial münasibətidir və hamı üçün oruc açmaqla bağlıdır. Qonaqlıq xarakteri daşımamalıdır. 

İnsan normal necə iftarını açarsa, süfrə elə təqdim olunmalıdır, süfrəni doldurmağa ehtiyac yoxdur. Bu, həm də insanın mənəviyyatının yüksəlməsinə xidmət edir.Həm də orucluğun qonaqlıq məclisinə çevrilməsi dini, sağlamlıq və mənəvi dəyərlərlə uzlaşmır. 

İftar məclisləri də bir növ hazırda ləğv olunmaqda olan vəsaitli süfrələrə çevrilməməlidir. Bir tərəfdən çalışırıq təmtəraqlı süfrələrlə lüksə yol verməyək, digər tərəfdən iftar süfrəsini dəbdəbəyə çevirmək tamamilə yanlışdır.

Həm də orucun mahiyyəti yemək yeməyə və maddi etiyalara bağlamaq kimi çıxmamalıdır. Dəbdəbəli iftar süfrələrini ləğv etmək lazımdır, çünki bu, orucun mahiyyətinə uyğun deyil.

- Ramazanda musiqi dinləmək barədə fərqli fikirlər var. Bu məsələdə əsas meyar nədir?

- Musiqi dinləməyin heç bir problemi yoxdur. Nəinki Ramazan ayında, ümumiyyətlə, digər vaxtlarda da İslam dini musiqini haram saymır. Böyük İslam alimləri, Nəsir Fərəbiddən tutmuş İbn Sinəyədək, musiqinin faydaları haqqında əsərlər yazmışlar. 

Qurani-Kərimdə də musiqidən bəhs olunur, hətta mələk İsrafilin sur çalması ilə qiyamətin başlayacağı bildirilir. Buna görə, musiqinin haram olduğu barədə olan fikirlər əsassızdır.

Bütün əməllərdə olduğu kimi, musiqidə də bir sərhəd mövcuddur. Müxtəlif haram növ musiqilər insanın ruh halına mənfi təsir göstərə, psixologiyasına ziyan vura və günah sözlər daşıya bilər. 

Bu növ musiqilər dini baxımdan olduğu kimi, dünyanın bir çox cəmiyyətində də qəbul edilmir. Amma normal, xüsusilə milli musiqimiz oruc tutan insanın mənəvi və ruhani aləminin zənginləşməsinə fayda verə bilər. Yəni musiqinin heç bir problemi yoxdur.

"Cebheinfo.az"

Seçilən
56
32
cebheinfo.az

10Mənbələr