AZ

Xətayi Əzizov ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri ilə bağlı QafqazTürk Medianın suallarını cavablandırdı



Xətayi Əzizov ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri ilə bağlı QafqazTürk Medianın suallarını cavablandırdı

AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri Xətayi Əzizov ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri ilə bağlı QafqazTürk Medianın suallarını cavablandırdı.

Xətayi Əzizov deyir ki, ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri mühüm tarixi əhəmiyyətə malikdir. Xüsusən də səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti ilə ABŞ Vitse-prezidenti tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın” imzalanması mühüm əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, bu sənəd nəticəsində iki ölkə arasında münasibətlər yeni mərhələyə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Prezident Donald Tramp tərəfindən 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”na uyğun olaraq hazırlanmış bu Xartiya iki ölkə arasında tərəfdaşlığın institusional çərçivəsinin təsis edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu Xartiya iki dövlət arasındakı dərin və sarsılmaz etimadın rəmzi olmaqla, regionda sabitliyin, təhlükəsizliyin və tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən strateji bir addımdır.

Sənədə nəzər saldıqda görürük burada hər iki tərəf arasında münasibətlərin fundamental əsası kimi bir-birinin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı xüsusi qeyd edilir.

Strateji Tərəfdaşlıq Xartiyası eyni zamanda enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar yaradır. Bununla yanaşı sənəd Süni İntellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, regional və qlobal təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı özündə ehtiva edir.

Xartiya regional əməkdaşlıq baxımından da mühüm əhəmiyyət kəsb edir. Diqqətlə baxdıqda görürük ki, xartiyanın regional bağlantılar bölməsində Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını açacaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyəti, eləcə Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) xüsusi olaraq vurğulanıb. Bu Vaşinqton Sülh Sammitində əldə edilmiş razılıqların ikitərəfli müstəvidə yenidən təsdiq edilməsi baxımından əhəmiyyət kəsb edir.

Quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq niyyəti də Xartiyada xüsusi qeyd olunub. Bu çərçivədə, həmçinin enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər yer alıb.

Sənəddə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyətin qeyd edilməsidir.

Strateji Tərəfdaşlıq Xartiyasının Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur daxil olmaqla İqtisadi Sərmayələr bölməsində ölkəmizin bölgədə enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səyləri alqışlanır, ikitərəfli ticarət və sərmayələri artırmaq niyyəti diqqətə çatdırılıb.

Süni İntellekt (AI) və kosmik sənaye sayəsində əməkdaşlıq, rəqəmsal infrastrukturda sərmayələr, o cümlədən ölkəmizdə AI data mərkəzlərinin inkişafı mühüm istiqamətlər kimi müəyyən olunub. Kibertəhlükəsizlik və AI sahəsində birgə Tədqiqat və İnkişaf dəstək alətləri və innovasiya platformaları kimi mexanizmlərin yaradılması istiqamətində əməkdaşlıq da Xartiyada əks olunub.

Azərbaycan və ABŞ inkişafda olan texnologiyalar, platformalar və biznes təcrübələri sahəsində mübadilə aparmaq və texniki yardım göstərmək, Azərbaycanda istedadlı şəxslərin inkişafı və bacarıqlı işçi qüvvəsinin artımı üçün tərəfdaşlığı gücləndirmək niyyətləri də xüsusi vurğulanır.

Xartiyanın üçüncü bölməsində təhlükəsizlik əməkdaşlığının qeyd edilməsi də xüsusi diqqət çəkir. Bildirilir ki, hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə mühüm fayda verir. Bu bölmədə ölkəmizin beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirilib. Müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin, o cümlədən müdafiə məhsullarının satışlarının, terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib.

Bununla yanaşı, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi kimi istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi sənəddə öz əksini tapıb.

Ümumilikdə, strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsi nəzərdə tutulur.

Strateji baxışın simvolu olan bu tarixi sənəd, Azərbaycanla ABŞ-ın qarşılıqlı maraq və ortaq məqsədlər əsasında dayanıqlı və strateji tərəfdaşlıq qurmaq əzmini nümayiş etdirir, beynəlxalq səviyyədə qlobal çağırışlara birgə cavab vermək və davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini təsdiqləyir.



Seçilən
40
32
aia.az

10Mənbələr