ABŞ Azərbaycanı mühüm strateji tərəfdaş kimi tanıdı -
Xəbər verdiyimiz kimi, ABŞ vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Vens mətbuata bəyanatlarla çıxış ediblər. Bəs bu səfər ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün nə vəd edir?Millət vəkili Hikmət Babaoğlu Metbuat.az -a açıqlamasında bildirib ki, Ceyms Devid Vensin Azərbaycana səfəri tarixi bir hadisəyə çevrilib. Çünki bu səfər çərçivəsində Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb və bu sənəd mühüm istiqamətlər üzrə ABŞ–Azərbaycan strateji tərəfdaşlığının əsaslarını müəyyənləşdirib. Məsələ bununla da bitmədi, xartiyada irəli sürülən və razılaşdırılmış məsələlərin həyata keçirilməsi ilə bağlı işçi qrup da yaradılıb:
“Məhz bu sənəd üzərindən Ceyms Vensin səfərini şərh etsək görərik ki, xartiyada nəzərdə tutulan müddəalar icra olunduqca Azərbaycan ilə ABŞ arasında daha geniş tərəfdaşlıq üçün perspektivlər yaranacaq. Bu perspektivlər dünya siyasətində Azərbaycanın yerinin və rolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edəcək. Müqayisəli təhlil aparsaq, görərik ki, 8 avqust 2025-ci ildə başlayan şifahi razılaşma prosesi belə mühüm xartiyanın imzalanmasına gətirib çıxardısa, bu gün imzalanan sənəddə nəzərdə tutulan müddəalar həyata keçirildikcə gələcəkdə ABŞ ilə Azərbaycanın strateji müttəfiqliyinə qədər uzanan yol açıla bilər”. Millət vəkili Azər Badamov da C.D.Vensin Azərbaycana gəlişinin əhəmiyyətini şərh edib. O bildirib ki, 8 avqust 2025-ci ildə Vaşinqtindadövlət başçılarımızın görüşü və imzalnmış sənədlərdən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub. ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin regionumza səfər etməsi və Bakıda imzalanmış sənədlər ABŞ-nin Vaşinqton razılaşmalarına sadiqliyini bir daha təsdiq etmiş olub: “Belə ki, Prezident İlham Əliyev və Vitse-prezident Vens arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının bazisində ölkələrimizin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə təsdiq olunması dayanır. Bu, ABŞ-nin Azərbaycanı regionda mühüm strateji tərəfdaş kimi tanıdığını göstərən siyasi sənəddir”.
A.Badamov qeyd edib ki, sənəddə əməkdaşlıq istiqamətləri müəyyən olunur. Burada əsas istiqamətlər enerji və iqtisadi əməkdaşlıq, texnologiya və innovasiya sahələri, regional layihələri və nəqliyyat dəhlizləri və təhlükəsilzik və müdafiə sahəsində əməkdaşlığı özündə ehtiva edir: “Bayden-Blinken administrasiyası dövründə Azərbaycan ABŞ münasibətləri tarixin minimumuna düşmüşdü. ABŞ-nin vitse-prezidenti Vens prezident İlham Əliyevlə görüşü zamanı da bu məsələyə xüsusilə toxunaraq əvvəlki administrasiyanın Azərbaycana qarşı sərsəm siyayasət yürütdüyünü qeyd etdi və qarşıdan gələn üç ildə ölkələrimiz arasında münasibətlərin daha inkişaf edəcəyini bildirdi. Bu sənəd imzalamaqla Azərbaycan dünyanın ən güclü ölkəsi ilə strateji tərəfdaş olur. Bu, təbii ki, hərtərəfli əlaəqlərin inkişaf etdirilməsinə, regionumuzda sülhün dayanıqlı olmasına və əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir”. Deputat Naqif Həmzəyev isə öz açıqlamasında qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri iki ölkə münasibətlərinin inkişafına mühüm töhfə kimi qiymətləndirilir. Xüsusilə vitse-prezident səviyyəsində səfərin baş tutması ABŞ-nin Azərbaycana verdiyi önəmin göstəricisidir:
“Unutmamalıyıq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənubi Qafqaz Dəhlizi layihəsi və digər enerji marşrutları Avropanın alternativ mənbələrə çıxışını genişləndirərək enerji asılılığını azaltmaq baxımından böyük əhəmiyyət daşıyır və ABŞ bu proseslərdə Azərbaycanı açar tərəfdaşlardan biri kimi görür. Məhz səfər zamanı imzalanan xartiya da iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırır. Avqust ayında əldə olunmuş razılaşmaların davamı kimi bu sənəd Azərbaycan–ABŞ münasibətlərində yeni səhifənin açıldığını açıq şəkildə göstərir. Məhz bu xartiya amerikalı investorların və biznes dairələrinin maraqlarının qorunması, ticarətin genişləndirilməsi üçün hüquqi-siyasi çərçivə yaradır, neft-qaz sektorundan kənar sahələrdə də əməkdaşlıq imkanları təqdim edir. Bununla yanaşı, sənəd Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir, təhlükəsizlik zəmanətlərini gücləndirir, regional məsələlərdə ABŞ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir. Eyni zamanda süni intellekt və İT sahələrində əməkdaşlıq, Amerika şirkətlərinin Azərbaycana sərmayə yatırması üçün yeni imkanlar açılır”. N.Həmzəyevin sözlərinə görə, bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinə, ABŞ–Azərbaycan əlaqələrinin daha yüksək səviyyəyə çatmasına ciddi təkan verə bilər. Bundan sonra da Azərbaycan regionun aparıcı dövlətlərindən biri olaraq öz balanslaşdırılmış mövqeyini qoruyub saxlayacaq. Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.