AZ

Vensin səfəri Azərbaycan ABŞ münasibətlərində tarixi dönüş nöqtəsidir Deputat

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan Respublikasına rəsmi səfəri mühüm tarixi hadisə kimi dəyərləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, 2008-ci ildən bəri belə yüksək səviyyəli ABŞ nümayəndəsinin Azərbaycana səfəri baş tutmamışdı və nəhayət, 2026-cı ildə bu səfər reallaşdı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi.

Onun sözlərinə görə, bu səfər bir çox göstəricilərinə görə əhəmiyyətlidir:

"Ən azı ona görə ki, səfər çərçivəsində ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Bu sənəd iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini təsdiqləməklə yanaşı, əlaqələrin yeni mərhələsinin əsasını qoyur. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ vitse-prezidenti Vensin bəyanatlarında da bu məqamlar xüsusi vurğulanıb. Bildirilib ki, xartiya iki ölkə arasında strateji tərəfdaşlığın müxtəlif sahələr üzrə inkişafı üçün konkret çərçivələr müəyyən edir.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara əsasən, sənədin hazırlanması üçün strateji işçi qruplar yaradılmışdı. Altı ay ərzində intensiv təmaslar nəticəsində bir çox mühüm sahələri əhatə edən geniş əməkdaşlıq spektrini müəyyənləşdirən sənəd hazırlanıb".

Millət vəkili əminliklə dedi ki, Strateji Tərəfdaşlıq haqqında Xartiya iki dövlət arasında münasibətlərin ən yüksək səviyyədə qurulmasını şərtləndirməklə yanaşı, Cənubi Qafqazda mühüm geostrateji layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradıryaradır:

"Sənədin mahiyyəti onu göstərir ki, bu, bərabərhüquqlu tərəfdaş dövlətlər arasında imzalanmış bir xartiyadır. Xartiyanın ilk abzaslarında ABŞ Azərbaycanın Cənubi Qafqazın əsas ölkəsi, etibarlı tərəfdaş və sülhə sadiq dövlət kimi qiymətləndirildiyini bəyan edir. Vensin çıxışında Azərbaycanın ABŞ-nin rəhbərlik etdiyi antiterror kampaniyalarında iştirakı, o cümlədən Əfqanıstanda sülhün qorunmasına verdiyi töhfə və BMT mandatı altında müxtəlif bölgələrdə sülhməramlı fəaliyyət göstərməsi xüsusi qeyd olunub. Bu məqamlar ABŞ-nin Azərbaycana verdiyi önəmin göstəricisi kimi təqdim edilib. Bu əhəmiyyət yalnız Cənubi Qafqazla məhdudlaşmır. Daha geniş kontekstdə Azərbaycan Avrasiya məkanında Avropa ilə Asiyanı birləşdirən mühüm inteqrasiya layihələrinin fəal iştirakçısı və təşəbbüskarı kimi qiymətləndirilir. Bu isə ölkənin beynəlxalq münasibətlər sistemində yüksək nüfuza və möhkəm reputasiyaya malik olduğunu göstərir".

Müsahibimiz əlavə etdi ki, xartiyada iqtisadi əməkdaşlıq istiqamətləri də geniş yer alır:

"Buraya yüksək texnologiyalar, nüvə energetikası, karbohidrogen resursları, beynəlxalq yükdaşımalar və infrastruktur layihələri, o cümlədən TRIPP marşrutu daxildir. Bu istiqamətlər Azərbaycanın Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, Avrasiyada reallaşan inteqrasiya proseslərində ön mövqedə dayandığını nümayiş etdirir.

ABŞ-nin Azərbaycana münasibəti, o cümlədən ABŞ Prezidenti Donald Trampın müxtəlif çıxışlarında Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər də ölkənin beynəlxalq çəkisinin göstəricisi kimi təqdim olunur. Bu amil ABŞ-nin Cənubi Qafqazda həyata keçirilən inteqrasiya layihələrində fəal iştirakının Azərbaycanla münasibətlər kontekstində formalaşdığını göstərir. Xartiyanın müddəalarının icrası, xüsusilə iqtisadi sahədə nəzərdə tutulan layihələrin həyata keçirilməsi Azərbaycanın iqtisadi potensialının artmasına, eyni zamanda Cənubi Qafqazın ümumi inkişafına töhfə verə bilər. Azərbaycanın irəli sürdüyü dayanıqlı inkişaf və regional əməkdaşlıq təşəbbüslərinin sənəddə əksini tapması ölkənin bu istiqamətlərdə maraqlarının təmin olunmasına xidmət edir".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
32
redaktor.az

10Mənbələr