Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyunu güclü qar yağması səbəbindən baş tutmaya bilər.
Bu barədə Fanat.Az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Stadionun ot örtüyünün qardan təmizlənməsi prosesi davam etsə də, qarın yağmağa davam etməsi prosesi çətinləşdirir. PFL-in Media və marketinq direktoru Sənan Abdullayev əsas məqsədin oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsi olduğunu və bunun üçün bütün addımların atıldığını vurğulayır:
“Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan sırf bu durumlar üçün nəzərdə tutulmuş qartəmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür və əsas problem məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əgər aradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq addımlar atılacaq”.
Qeyd edək ki, qarşılaşma saat 14:30-da başlamalıdır.