AZ

ÇL: “Qarabağ” “Liverpul”a böyük hesabla uduzsa da, pley-offa çıxdı! – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 8-ci turu çərçivəsində İngiltərə nəhəngi “Liverpul”la üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı oyun Liverpuldakı “Enfild Roud” stadionunda baş tutub. Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edib.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət çəkirdi. Ağdam klubu əsas mərhələdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 (səfərdə), Danimarka nəhəngi “Kopenhagen”ə 2:0 (evdə) və Almaniyanın “Ayntraxt” komandasına 3:2 (evdə) qalib gəlmiş, “Çelsi” (İngiltərə) ilə sülh bağlamışdı – evdə 2:2. Komandamız İspaniya təmsilçisi “Atletik”ə 1:3, “Napoli”yə (İtaliya) 0:2, “Ayaks”a (Niderland) 2:4 hesabıyla uduzmuşdu.

“Liverpul” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 7 oyunun 5-də qalib gəlmiş, 2-də məğlub olmuşdu. Bu oyundan öncə İngiltərə çempionu 15 xalla 4-cü sırada qərarlaşmışdı, “Qarabağ” isə 10 xalla 18-ci idi. Təmsilçimiz bu oyunda ən azı uduzmasa, pley-offa vəsiqəni təmin etmiş olacaqdı. İngiltərə çempionu isə ilk 8 komanda sırasında yer almaq üçün qalib gəlməyi hədəfləmişdi. Bu komandalar heç-heçə və ya məğlubiyyət halında da istəklərinə çata bilərdilər. Amma tərəflər işi şansa buraxmamaq üçün mütləq qələbə və heç-heçə barədə düşünürdülər.

Təəssüf ki, Azərbaycan çempionu bu görüşdə böyük hesabla məğlub olub. Amma güclü rəqibə məğlubiyyət Ağdam klubunun ÇL-in pley-off mərhələsinə vəsiqə qazanmasına mane olmayıb. Belə ki, ən güclü 24 komanda arasında yer almağı bacaran (22-ci yer) “Qarabağ” qitənin ən nüfuzlu klub turnirindəki mübarizəsini davam etdirəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 8-ci tur
28 yanvar

“Liverpul” – “Qarabağ” 6:0
Qollar: Aleksis Makallister, 15; 61. Florian Virts, 21. Məhəmməd Salah, 50. Huqo Ekitike, 57. Federiko Kyeza, 90.
Baş hakim: İvan Krujlyak.
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç (Hamısı Slovakiya).
VAR: Pol van Bokel (Niderland).
AVAR: Yan Boterberq (Belçika).
Liverpul. “Enfild Roud” stadionu.

Liverpul: 1. Alisson Bekker, 4. Vircil van Deyk (k), 7. Florian Virts, 8. Dominik Soboslai, 10. Aleksis Makallister, 11. Məhəmməd Salah, 18. Kodi Qakpo, 22. Huqo Ekitike, 26. Endryu Robertson, 30. Ceremi Frimponq, 38. Rayan Qravenberx.
Ehtiyat oyunçular: 25. Georgi Mamardaşvili, 28. Freddi Vudman, 3 Vataru Endo, 6. Miloş Kerkez, 14. Federiko Kyeza, 42. Trey Nyoni, 65. Amara Nallo, 68. Kiran Morrison, 73. Rio Nqumoha.
Baş məşqçi: Arne Slot.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
25
9
arena.az

10Mənbələr