“Qarabağ” fevralın 1-dən Azərbaycan Premyer Liqasındakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
“Qarabağ” PFL-ə müraciət edərək, “Turan Tovuz”un da ev oyununu müvəqqəti keçirəcəyi “Azərsun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə fevralın 1-dən etibarən ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.
Stadionun hazırki durumu, “Qarabağ”ın müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan PFL “Qarabağ”ın ev oyunlarının fevralın 1-nə təyin olunan “Turan Tovuz”la görüşdən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika stadionunda təşkilinə qərar verib.
Qeyd edək ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı matçları da Respublika stadionunda baş tutub.