"Qarabağ" fevralın 1-dən Azərbaycan Premyer Liqasındakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Belə ki, "Qarabağ" PFL-ə müraciət edərək, "Turan Tovuz" klubunun da müvəqqəti ev oyununu keçirəcəyi "Azersun Arena"nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə növbəti aydan ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.
Stadionun hazırki durumu, "Qarabağ" klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan PFL "Qarabağ"ın ev oyunlarının fevralın 1-nə təyin olunan "Turan Tovuz" görüşündən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika stadionunda təşkilinə qərar verib.
Qeyd edək ki, Premyer Liqanın XVIII turunda baş tutacaq "Qarabağ" - "Turan Tovuz" görüşü saat 18:30-da start götürəcək.