AZ

Məhkəmə sədrinin bıçaqlanan gəlininin durumu açıqlandı – BİRGƏ MƏLUMAT

Yanvarın 25-də saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonundan təcili çağırış daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən bildirilib.

İki mərkəzin yaydığı birgə məlumatda qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (qadın) bədənin müxtəlif nahiyələrin çoxsaylı kəsilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

“Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan 1999-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.

Pasiyentə dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 25-də Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadə uşaqlarının gözü qarşısında həyat yoldaşı Şəfiqə Ələkbərovaya 20 bıçaq zərbəsi vurub. E.Əlizadə hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.

Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.

Seçilən
37
4
konkret.az

7Mənbələr