Həyat yoldaşı tərəfindən bıçaqlanan 27 yaşlı Şəfiqə Ələkbərovanın vəziyyəti hazırda ağırdır.
Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, yanvarın 25-i saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonundan təcili çağırış daxil olub: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər qadın bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan 1999-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.
Pasiyentə dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir”.
Qeyd edək ki, Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu 34 yaşlı Emil Əliyev qısqanclıq zəminində həyat yoldaşına bıçaq xəsarəti yetirib. Daha sonra özünü binadan ataraq həyatına son qoyub.
“Unikal”ın məlumatına görə, E.Əliyev qətli uşağının gözü qarşısında törədib. O, arvadına 20 bıçaq zərbəsi vurub. Hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən özünü 16-cı mərtəbədən ataraq intihar edib.