Keçən il Azərbaycan əhalisinin 54 %-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev qurumun 2025-ci il üzrə yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb:
"İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb. 2025-ci ilin ilk 9 ayı ərzində isə göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 %-ə yaxın artım deməkdir. Vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox istifadə etdiyi xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekolojidir. Ən çox göstərilən xidmətlər əsasən xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır. Ən çox yayılan xəstəliklər arasında qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri ön sıralardadır".
Z.Əliyev əlavə edib ki, icbari tibbi sığortadan özəl tibb müəssisələrində istifadə artır:
"Keçən il özəl xəstəxanalarda göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da ötən illə müqayisədə təxminən 9 % artım deməkdir. İl ərzində özəl tibb müəssisələrinə ümumilikdə 308 mindən çox göndəriş verilib. Bu göndərişlərin 85 %-i planlı, 15 %-i isə təcili xarakter daşıyıb. Təcili göndərişlərdə isə əsas payı ürək-damar xəstəlikləri təşkil edib". (Report)