AZ

İcbari tibbi sığorta üzrə ötən ilin tibbi statistik göstəriciləri açıqlanıb

Bakı, 27 yanvar, AZƏRTAC

Ötən il əhalinin 54 faizi icbari tibbi sığorta xidmətlərindən yararlanıb. Bu göstərici icbari tibbi sığorta sisteminə ictimai etimadın və marağın ildən-ilə artdığını nümayiş etdirir. Son illərin statistikası istifadə səviyyəsində artım müşahidə olunduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflər ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb. İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb. “Ötən ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 faizə yaxın artım deməkdir. Vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər isə ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlərdir”,- deyə o qeyd edib.

Diaqnoz qrupları üzrə statistikaya toxunan Zaur Əliyevin sözlərinə görə, ən çox göstərilən xidmətlər əsasən xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır. Ən çox yayılan xəstəliklər arasında qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri ön sıralardadır.

Ödəniş strukturuna dair məlumat verən agentliyin sədri qeyd edib ki, həm Tibbi Ərazi Bölmələrini İdarəeymə Birliyi (TƏBİB) tabeli dövlət tibb müəssisələrində, həm də özəl tibb müəssisələrində aparıcı diaqnoz qrupları üzrə oxşar tendensiya müşahidə olunur. “Belə ki, TƏBİB tabeli tibb müəssisələrində əsas maliyyə yükü qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin payına düşür. Özəl tibb müəssisələrinə yönəldilən ödənişlərdə isə qan dövranı sistemi, göz və gözün əlavə aparatının xəstəlikləri və sümük-əzələ sisteminin xəstəlikləri üstünlük təşkil edir. İl ərzində dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar sırasında ginekoloji əməliyyatlar, xüsusilə təbii doğuşlar birinci yerdə qərarlaşıb. Pasiyentlərin tez-tez müraciət etdikləri digər əməliyyat isə katarakta əməliyyatı olub. Katarakta əməliyyatlarına tələbatın yüksək olması səbəbindən dövlət tibb müəssisələri ilə yanaşı, agentliklə müqaviləsi olan özəl tibb müəssisələri də prosesə cəlb edilir. Vətəndaşların vaxtında tibbi xidmət almasını təmin etmək məqsədilə bu istiqamətdə özəl tibb müəssisələrinə göndərişlər verilir. İcbari tibbi sığortadan özəl tibb müəssisələrində istifadə də artmaqdadır. 2025-ci ildə özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da ötən illə müqayisədə təxminən 9 faiz artım deməkdir. İl ərzində özəl tibb müəssisələrinə ümumilikdə 308 mindən çox göndəriş verilib. Bu göndərişlərin 85 faizi planlı, 15 faizi isə təcili xarakter daşıyıb. Planlı göndərişlərin ötən illə müqayisədə azalmasının əsas səbəbi radioloji xidmətlərin dövlət tibb müəssisələrində geniş şəkildə təmin olunmasıdır. Təcili göndərişlərdə isə əsas payı ürək-damar xəstəlikləri təşkil edib”, - deyə Zaur Əliyev vurğulayıb.

Seçilən
60
10
azertag.az

10Mənbələr