AZ

Fransa parlamenti uşaqlar üçün sosial şəbəkələrə qadağanı dəstəkləyib

15 yaşdan aşağılar üçün yaş həddi müəyyənləşdirilir, qanun Senatın müzakirəsinə çıxarılır...

Fransanın Milli Assambleyası 15 yaşdan aşağı uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrdən istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Sənədin lehinə 130 deputat səs verib, 21 parlamentar isə əleyhinə çıxıb.

Poliqon xəbər verir ki, bu barədə “Le Figaro” nıəşri məlumat yayıb. Fransa rəqəmsal texnologiyalar naziri Ann Le Enanff bildirib ki, qanun layihəsi yaxın həftələrdə Senatda müzakirə olunacaq.

Qanun layihəsi məktəblər və kolleclərdə artıq qüvvədə olan mobil telefon qadağasının daha geniş tətbiqini də nəzərdə tutur. Hakimiyyət orqanları bu addımı uşaqların zərərli və toksik məzmundan qorunması, ekran asılılığının azaldılması, eləcə də sosial şəbəkələrdə təhqir və onlayn təqiblərin qarşısının alınması zərurəti ilə əsaslandırır.

Sənəd yekun olaraq qəbul edilərsə, Fransa sosial şəbəkələrə çıxış üçün konkret yaş həddi müəyyənləşdirən ilk Avropa ölkəsi olacaq. Prezident Emmanuel Makron bu təşəbbüsün sürətləndirilməsini tələb edərək, qanunun artıq növbəti tədris ilindən qüvvəyə minməsində israrlıdır. O, X sosial şəbəkəsində paylaşımında “Uşaqlarımızın beyinləri satılmır. Nə Amerika platformalarına, nə də Çin şəbəkələrinə”, — deyə yazıb.

Qeyd olunur ki, Fransa rəqəmsal mühitdə yetkinlik yaşına çatmayanların hüquqlarını tənzimləmək üçün ilk dəfə addım atmır. 2023-cü ildə hakimiyyət orqanları 15 yaşdan etibarən “rəqəmsal yetkinlik” anlayışını tətbiq etməyə cəhd göstərmişdi. Lakin bu təşəbbüs Avropa İttifaqının qanunvericiliyi ilə ziddiyyətlər səbəbindən reallaşdırılmamışdı.

Poliqon.info

Seçilən
69
25
poliqon.info

10Mənbələr