AZ

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın oğlu vəfat edib

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan 80 yaşında Los-Ancelesdə dünyasını dəyişib.

Editor.az xəbər verir ki, ailəsi Maykl Reyqanın vəfatı ilə bağlı məlumatı ABC News telekanalına təsdiqləyib.

Ailənin açıqlamasına görə, Maykl Reyqan yanvarın 4-də, bazar günü yaxınlarının əhatəsində vəfat edib. Bildirilib ki, o, sevgi dolu həyat yoldaşı, ata və baba olub. Ailə üzvləri itki ilə bağlı dərin kədər hissi keçirdiklərini qeyd ediblər.

Gənc Amerika Fondunun nümayəndələrinin məlumatına əsasən, Maykl Reyqan uzun sürən xərçəng xəstəliyi ilə mübarizədən sonra həyatını itirib.

Qeyd edək ki, Maykl Reyqan Ronald Reyqanın beş övladından biri idi. Ronald Reyqan və onun ilk həyat yoldaşı, aktrisa Ceyn Ueyman 18 mart 1945-ci ildə doğulduqdan qısa müddət sonra Mayklı övladlığa götürüblər. Bu nikahdan, həmçinin 2001-ci ildə vəfat edən Morin Reyqan və körpə yaşlarında dünyasını dəyişən Kristin Reyqan adlı iki qızları da olub. Ronald Reyqanın Nensi Reyqanla ikinci evliliyindən isə Patti Devis və Ron Reyqan adlı daha iki övladı dünyaya gəlib.

Maykl Reyqan mühafizəkar siyasi şərhçi, ölkə üzrə yayımlanan radio proqramının aparıcısı, yazıçı və natiq kimi tanınıb. Ronald Reyqan Prezident Kitabxanası Fondu və İnstitutu onu atasının siyasi irsinin qətiyyətli qoruyucusu kimi xarakterizə edib.

Fondun İdarə Heyətinin sədri Fred Rayan bildirib ki, Maykl Reyqan həyatını atasının prezidentliyini səciyyələndirən inanc, vəzifə borcu və dəyərlərə sadiqlik üzərində qurub, ictimai fəaliyyətini isə azadlıq və şəxsi məsuliyyət ideyalarının təbliğinə həsr edib. ABŞ-ın sabiq Viskonsin ştatının qubernatoru Skott Uoker də Reyqan ailəsinin nümayəndəsinin bir çox insan üçün ilham mənbəyi olduğunu və yeni nəsli həyat boyu müdafiə etdiyi prinsiplərə sadiq qalmağa çağırdığını qeyd edib.

Maykl Reyqandan həyat yoldaşı Kollin, övladları Eşli və Kameron, eləcə də nəvələri yadigar qalıb.

// Gülnarə Abasova, Editor.az

Seçilən
165
7
editor.az

8Mənbələr