AZ

Dünyada Azərbaycan silahına tələbat artır: çox alınanlar...

Müdafiə Sənayesi Nazirliyinin silah və hərbi texnika ixrac etdiyi ölkələrin sayı 20-yə çatır.

Satış əsasən, istifadəsi asan olan və hazırlanması intensiv aparılan məhsullar üzərindən aparılır. Xüsusilə, kiçik çaplı atıcı silahların istehsalı ön plana çıxır.

Hərbi ekspert Ramil Məmmədli Modern.az-a deyib ki, bununla yanaşı, ümumi məhsuldarlıqda iri çaplı silahlar, həm kiçik, həm də iri çaplı mərmilər, eləcə də top və artilleriya mərmiləri istehsal olunur. Müdafiə sənayesində həmçinin pilotsuz vasitələr, tuşlama aparatları və digər texniki avadanlıqlar da istehsal edilir:

"Bu gün Azərbaycan Müdafiə Sənayesi Kompleksi yalnız Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan istehsal müəssisələri ilə məhdudlaşmır. Artıq özəl sektorda təmsil olunan şirkətlər də istehsala cəlb olunub. Həmin şirkətlərin fəaliyyəti müdafiə sənayesinin inkişafına və genişlənməsinə mühüm töhfə verir.

İxrac coğrafiyasına gəlincə, Azərbaycan müdafiə sənayesi məhsulları əsasən Amerika, Asiya və Afrika ölkələrinə satılır.

Azərbaycan istehsalı olan məhsullara beynəlxalq bazarda ciddi tələbat mövcuddur. Bəzi hallarda sifarişlərin çoxluğu səbəbindən bu tələbatı tam təmin etmək çətinləşir və gözləmə müddətləri yaranır.

Hazırkı mərhələdə Azərbaycan hərbi-siyasi amilləri nəzərə alaraq bəzi ölkələrlə silah satışı sahəsində əməkdaşlıq etmir. Bu səbəbdən ixrac edilən ölkələrin say potensialı olsa da, müəyyən məhdudiyyətlər saxlanılır.

Qarşıdakı 5 il ərzində həm istehsal olunan məhsulların çeşidinin, həm də ixrac ölkələrinin sayının artacağı proqnozlaşdırılır.

ABŞ uzun illərdir Azərbaycan müdafiə sənayesi məhsullarını alan ölkələr sırasındadır və bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə davam etdirilir".

Ekspertin sözlərinə görə, müdafiə sənayesi sahəsində yeni məhsulların istehsalı nəzərdə tutulub.

"Bu istiqamətdə Prezident sərəncamı ilə maliyyə vəsaiti ayrılıb. Maliyyə əsasən, bazarda tələbat yüksək olan müdafiə sənayesi məhsullarının istehsalına və infrastruktura yönəldiləcək.

Satılan hazır məhsulların test mərhələsi həm Azərbaycanda, həm də alıcı ölkələrdə həyata keçirilir.

Xarici tərəfdaşlar test prosesində iştirak etmək üçün Azərbaycana gəlir, eyni zamanda məhsullar sonradan onların öz ölkələrində də sınaqdan keçirilir".

Ramil Məmmədli qeyd edib ki, növbəti müdafiə sənayesi sərgisi bu ilin sentyabr ayında keçiriləcək. ADEX (Azerbaijan Defense Exhibition) sərgisi ənənəvi qaydada - Bakı Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq.

Seçilən
115
50
modern.az

10Mənbələr