Prezident İlham Əliyev yanvar ayının 5-də yerli televiziyalara müsahibəsində Azərbaycanın son 22 il ərazində keçdiyi yol, regionda mövcud vəziyyət, Ermənistanla sülh danışıqlarının hazırkı durumu və digər məsələlərlə bağlı fikirlərini ifadə etdi. Dövlətimizin başçısı, eyni zamanda müəyyən xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini açıqladı. Bütövlükdə, müsahibə həm də ölkəmizin gələcək hədəfləri baxımından aydın mesajların verilməsi ilə də diqqəti cəlb edir.
Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Prezident İlham Əliyev öz müsahibəsində Azərbaycanda ordu quruculuğu, müdafiə sənayesinin inkişafı – həm daxili tələbatın ödənilməsi, həm də ixrac baxımından hərbi təyinatlı məhsulların istehsalı məsələlərinə də geniş toxunub. Bildirilib ki, beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq və necə deyərlər, qazandığımız uğurlardan arxayınlaşmamışıq.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, şanlı Zəfərimizdən sonra arxayınlaşmamalıyıq: “Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm”.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsinin çox böyük siyasi əhəmiyyət daşıdığını vurğulayan ölkə başçısı bildirib ki, Qələbə, həm də xarakterli çox böyük layları yerindən oynadıb. Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb.
Dövlətimizin başçısı qeyd edib: “Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
Qeyd edilib ki, ölkədə 20 il əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılsa da, son illərdə artıq özəl şirkətlər də bu sahəyə cəlb olunublar. Özəl şirkətlərin bu işə cəlb edilməsi dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmışdır. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi. Bu günə qədər 15 şirkətə lisenziya verilib, artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. 2024-2025-ci illərdə bu sahəyə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən həyata keçirilib.
Azərbaycanda keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edilib. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
“Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur”, – deyə dövlətimizin başçısı bildirib.
Əgər ilkin mərhələdə ölkə qarşısında duran məqsəd idxaldan asılılığı azaltmaq idisə, bu gün isə bu sahəyə biznes istiqaməti kimi baxılır. Çünki dünyada, müharibələrin sayı artır, hərbi təyinatlı məhsullara tələbat artır. Silah və sursatın qiyməti kəskin artıb. Ona görə bu sahə ölkəmiz üçün alternativ valyuta mənbəyi ola bilər. Hazırda xarici şirkətlərdən də çox böyük maraq var, yerli şirkətlər də fəal işləyirlər.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü