Məlum olduğu kimi, İranda iğtişaşlar və kütləvi etiraz aksiyaları davam etməkdədir. Hadisələr getdikcə daha mürəkkəb və təhlükəli mərhələ alır. Xatırladaq ki, prezident Məsud Pezeşkian etiraz yürüşləri başladıqdan dərhal sonra hüquq-mühafizə orqanlarını təmkinli davranmağa, hökumət üzvlərini isə narazı kütlə ilə dialoqa girməyə çağırmışdı. Pezeşkian ictimai gərginliyin zorakılıq yolu ilə deyil, qarşılıqlı anlaşma və siyasi dialoq vasitəsilə aradan qaldırılmasının vacibliyini vurğulamışdı.
Lakin prezidentin bu çağırışları reallıqda öz əksini tapmır. Mühafizəkar dairələr etirazçılara qarşı sərt və radikal mövqedən çıxış edir, təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində ölən və yaralananların sayı ilə bağlı məlumatlar artmaqdadır.
Siyasi şərhçilərin fikrincə, məhz bu səbəbdən Məsud Pezeşkianın dialoq təşəbbüsü uğursuzluğa məhkumdur. Çünki mühafizəkar qüvvələr faktiki olaraq Prezidentə tabe olmur və etirazçılara qarşı daha sərt, repressiv tədbirlərin tərəfdarı kimi çıxış edirlər. Onlar güzəşt və dialoq yox, güc tətbiqini yeganə çıxış yolu hesab edirlər.
Analitiklər qeyd edirlər ki, mühafizəkarların etirazçılara qarşı atəş açmasının intensivləşməsi Pezeşkianı getdikcə daha ağır və çıxılmaz siyasi vəziyyətə salır. Əgər Prezident mövcud böhrandan çıxış yolu tapa bilməzsə və zorakılıq dalğasının qarşısını ala bilməzsə, bu, onun siyasi karyerasının ən ciddi sınağına çevrilə və istefa qərarı ilə nəticələnə bilər.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb. Siyasi şərhçi xatırladıb ki, İrandakı mövcud vəziyyətin əsas qərarvericisi prezident deyil:
"Hərçənd ki, prezident xalq tərəfindən seçilir, onun ölkədə baş verən hadisələrə açıq və həlledici şəkildə təsir imkanları son dərəcə məhduddur. Bu isə birbaşa İranın mövcud idarəetmə sistemindən qaynaqlanır. Ölkədə bütün real hakimiyyət ali dini rəhbərliyin əlində cəmlənib. Ali dini lider hər şeydən üstündür, bütün əsas qərarları o verir və istənilən, hətta ən radikal qərarları belə qəbul etməkdə tam sərbəstdir. Prezident isə bu qərarlara nə müdaxilə edə, nə də onları dayandıra bilir. Məhz bu səbəbdən də Pezeşkianın çağırışları qulaqardına vurulur.
Orta əsr təfəkkürü ilə dövlət idarə etməyə hələ də üstünlük verən molla-fars rejimi bu cür zorakılıqlara əl atır. Bunun kökündə isə onların uzaqgörən olmaması, strateji düşünə bilməməsi dayanır. Onlar nə dövləti, nə də xalqı düşünürlər. Yeganə məqsədləri öz mövqelərini, hakimiyyətlərini və imtiyazlarını qorumaqdır. Bu məqsəd naminə kütləvi şəkildə insanların öldürülməsi belə onları dayandırmır, onlar üçün bu, heç bir mənəvi problem yaratmır.
Pezeşkian isə tamamilə fərqli düşüncə tərzinə malik, kifayət qədər ağıllı, müasir və dünyanı anlayan bir şəxsdir. Baxmayaraq ki, o da dindardır, lakin fanatik deyil. O, düşünməyi bacaran, analitik təfəkkürə sahib, reallığı düzgün qiymətləndirən bir siyasətçidir. Üstəlik, onun Azərbaycan Respublikası kimi dünyəvi bir dövlətin real nümunəsini yaxından görməsi də təsadüfi deyil. Əminliklə demək olar ki, o, uzun illər ərzində Azərbaycanın keçdiyi inkişaf yolunu araşdırıb və çox yaxşı anlayıb ki, dindarların deyil, dünyəvi rəhbərliyin idarə etdiyi dövlətdə sabitlik, rifah və xoşbəxtlik mümkündür. Sakitlik, inkişaf, təhlükəsizlik və sosial rahatlıq məhz dünyəvi dövlət modelində reallaşa bilir. Məhz buna görə də Pezeşkian bu cür çağırışlar edir".
Azər Həsrət qeyd edib ki, əgər İran bu gün dünyəvi dövlətə çevrilsə, ölkə üçün geniş inkişaf yolları açılar. Əksinə, əgər fars-molla rejimi öz mövqeyini qorumaq naminə xalqı qırğına verməyə davam edərsə, İran bu böhrandan çıxa bilməyəcək:
"İqtisadiyyat çökmüş vəziyyətdədir, dünya ilə əlaqələr bərbad haldadır, insanlar yoxsulluq və aclıq içində yaşayır, ölkə faktiki olaraq blokada şəraitindədir. Bütün bunlar göz önündə olduğu halda, dini rejim yenə də öz bildiyindən əl çəkmir.
Təbii ki, Pezeşkian bütün bu reallıqları görür və düzgün qiymətləndirməyi bacarır. Məhz buna görə də o, loyal, yumşaq davranışa, zorakılıqdan imtinaya çağırış edir. Lakin güc strukturlarının, təhlükəsizlik qüvvələrinin birbaşa ali dini rəhbərliyə tabe olması Pezeşkianın çağırışlarının faktiki olaraq nəzərə alınmamasına səbəb olur. Onlar prezidentin mövqeyini yox, dini rəhbərliyin göstərişlərini əsas götürərək hərəkət edirlər.
Həqiqətən də son günlər İranda etirazçıların müxtəlif üsullarla güc strukturlarının nümayəndələri tərəfindən öldürülməsi ilə bağlı ard-arda xəbərlər gəlir. Kütləvi iğtişaşlar getdikcə genişlənir və artıq qarşısıalınmaz bir mərhələyə daxil olur. Əgər Pezeşkianın çağırışlarına qulaq asılsaydı, yəqin ki, vəziyyət bu həddə çatmazdı. Görünən odur ki, bu cür siyasət davam edəcək və nəticədə İranın başı üzərində çox böyük və təhlükəli bir oyun oynanılacaq.
Biz, əlbəttə, ümid edərdik ki, İran nəhayət dünyəvi dövlətə çevrilsin. Bəziləri bunun mümkün olmadığını düşünür. Lakin azərbaycanlı türk olaraq bizim üçün əsas məsələ Güney Azərbaycan türklərinin azadlığıdır. Əgər İran dini rejimdən imtina etmək istəmirsə və xalqları zorla nəzarət altında saxlamaqda israrlıdırsa, onda bizim üçün alternativ yol qalır: Güney Azərbaycan Cümhuriyyətinin müstəqil bir dövlət kimi qurulması. Görünən odur ki, hadisələrin gedişi də məhz bu mərhələyə doğru istiqamətlənir".