BAKI, 4 yanvar. TELEQRAF
ABŞ administrasiyası neft şirkətlərinə bildirib ki, Venesuelada müsadirə edilmiş aktivləri üçün kompensasiya yalnız ölkənin neft sənayesinə böyük investisiya qoyulması şərti ilə veriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ neft şirkətləri uzun müddətdir Venesueladakı aktivlərini geri qaytarmaq istəyirlər və Prezident Donald Trampın administrasiyası bunu yalnız bir şərtlə dəstəkləyir:
"Son həftələrdə administrasiya rəsmiləri neft şirkətlərinin rəhbərlərinə bildiriblər ki, əgər onlar qazma qurğuları, boru kəmərləri və digər Venesuela tərəfindən müsadirə edilmiş əmlakları üçün kompensasiya almaq istəyirlərsə, ölkəyə qayıtmalı və neft sənayesinin bərpasına əsaslı sərmayə yatırmalıdırlar",- məlumatda bildirilib.
Qeyd edilib ki, şirkət nümayəndələri Venesueladakı yataqlarda bərpa işlərinin çətinliyindən narahatdır və ölkənin yaxın gələcəkdə kim tərəfindən idarə olunacağı qeyri-müəyyəndir. Onları əsasən işçilərin və avadanlığın təhlükəsizliyi, ödəniş mexanizmləri və Venesuela neftinin rentabelli olub-olmayacağı məsələləri maraqlandırır.