Venesuelada baş verənlər artıq ayrıca bir hadisə deyil – bu, yeni dövrün əməliyyat doktrinasıdır. Köhnə dünya nizamında çevriliş tankla, işğalla, aylarla davam edən müharibələrlə edilirdi. Ya da daxildən “qızılgül” inqilabları üçün küçə “rıçaqları” işə salınırdı, xalq etirazları modeli ilə hakimiyyətin əvəzlənməsi baş verirdi.
Son Venesuela nümunəsində ortaya yeni, daha effektli modelin çıxdığı bəlli olur. Bu modelə görə hakimiyyət bir gecədə, səssizcə, hədəf liderin öz yatağında bitirilir. Venesuelanın lideri *Nikolás Maduro*nun həyat yoldaşı ilə birlikdə yatdığı yerdən götürülərək ABŞ-a aparılması faktı məhz bu doktrinanın açıq nümayişidir.
İndi sual artıq “ola bilərmi?” deyil. Sual “növbədə kim və haradır”. Və 2026-cı il üçün cavablardan biri aydındır: İran.
Musavat.com-a görə, ötən ilin 13–24 iyun tarixlərində ABŞ–İsrail koordinasiyası fonunda İranla yaşanan 10 günlük hərbi qarşıdurma təsadüfi epizod deyildi. Həmin günlərdə İranın ali hərbi rəhbərliyinin əsas fiqurları nöqtə atışı ilə, məhz öz yataqlarında zərərsizləşdirildi. Bu, açıq mesaj idi: Tehranın ən qorunan şəxsləri belə toxunulmaz deyil.
![]()
Bu mesajın hədəfi təkcə generallar deyildi. Hədəf molla rejiminin beyni və sinir sistemi idi. ABŞ və İsrail göstərdi ki, İran daxilində istənilən səviyyəyə nüfuz etmək, komanda-nəzarət zəncirini qırmaq, rəhbərliyi “başsız” qoymaq mümkündür. Bu, klassik müharibə deyil. Bu, idarəetməni söndürmək əməliyyatıdır.
Daxili üsyan + xarici zərbə = rejimin sonu
Hazırda İran daxilində etirazlar sadəcə sosial narazılıq deyil, üsyan xarakteri alıb. Rejim dinc insanlara atəş açır, ölənlər var. Və məhz bu nöqtədə Donald Trump açıq mövqe ortaya qoydu. O, iki gün əvvəl Truth Social platformasında yazdı:
“Əgər İran rejimi dinc etirazçıları atəşə tutub öldürərsə, ABŞ onların köməyinə gələcək və hərəkətə keçməyə hazırdır”.
Bu, diplomatik xəbərdarlıq deyil. Bu, əməliyyatın hüquqi-siyasi əsaslandırılmasıdır. Trampın çəkdiyi “qırmızı xətt” artıq keçilib. Deməli, Vaşinqtonun əl-qolu açılıb.
Venesuela modeli Tehrana köçürülür
Venesuela presedenti göstərdi ki, yeni model belə işləyir:
1. Liderlik neytrallaşdırılır (öldürülür və ya götürülür);
2. Komanda zənciri qırılır;
3. Ordu neytral vəziyyətə salınır;
4. Daxili etirazlar genişlənir;
5. Xarici təzyiqlər artırılır;
6. Rejim içəridən çökür.
İran bu sxem üçün ideal hədəfdir. Çünki:
• Xalq rejimdən üz döndərib;
• İqtisadiyyat çökmüş vəziyyətdədir;
• SEPAH daxilində belə parçalanma var;
• Ali dini rəhbərlik qeyri-adekvatdır və cəmiyyətdən təcrid olunub; Prezident isə mollalara qarşı mövqe sərgiləməkdən çəkinmir;
• ABŞ və İsrail artıq əməliyyat üstünlüyünü sübut edib.
Bu şərtlər altında Amerika xüsusi təyinatlılarının İranın ali dini rəhbərliyini Tehrandan götürüb ABŞ-a aparması artıq fantaziya deyil. Bu, ssenarinin növbəti mərhələsidir.
2026: molla rejiminin son ili
Reallıq budur: İran ABŞ və İsrail üçün əsas strateji hədəfdir. Venesueladan sonra bu fakt daha açıq görünür. Trampın yanaşması açıqdır – uzunmüddətli müharibə yox, sürətli, başsızlaşdırıcı zərbə. İran rejimi bu zərbəyə struktur olaraq tab gətirə bilməz.
Bu baxımdan demək olar ki, 2026 molla rejimi üçün son il ola bilər. Ya rejim içəridən çökəcək, ya da səssiz əməliyyatla tarixə gömüləcək. Hər iki halda proses artıq başlayıb.
Venesuela yalnız başlanğıc idi. İran isə hədəfin mərkəzindədir.
Musavat.com