Demokratiya, yoxsa "Böyük Dəyənək"? Vaşinqtonun Venesuela qumarı
2026-cı ilin ilk günlərində dünya sanki 19-cu əsrin müstəmləkəçilik dövrünə geri döndü. ABŞ xüsusi təyinatlılarının Venesuelaya girərək ölkə prezidenti Nikolas Maduronu qandallayıb aparması sıradan bir hərbi əməliyyat deyil. Bu, müasir beynəlxalq düzənin süqutu və "kim güclüdürsə, o da haqlıdır" prinsipinin rəsmi elanıdır.
Tramp administrasiyası bu addımı atarkən əlində "seçki saxtakarlığı" və "diktatura" bayrağını tutur. Amma gəlin reallığa dik baxaq: əgər məsələ sadəcə saxta seçkilərdirsə, niyə Vaşinqtonun siyahısında yalnız Venesuela var? Dünyanın dörd bir yanında, Afrikadan tutmuş Orta Şərqə qədər neçə-neçə ölkədə seçki qutularının sadəcə formal xarakter daşıdığını hər kəs bilir. Amma həmin ölkələrin rəhbərləri ABŞ-a neft və ya strateji sədaqət vəd edəndə "demokratiya" məsələsi bir anda arxa plana keçir.
Venesuelanın günahı sadəcə Maduronun avtoritarizmi deyil, həm də dünyanın ən böyük neft ehtiyatları üzərində oturub ABŞ-a meydan oxuması idi. Trampın "Öncə Amerika" siyasəti üçün bu resurslar həm iqtisadi qənimət, həm də regiondakı Rusiya və Çin təsirini qırmaq üçün əla fürsətdir. Deməli, Maduronu devirən amil demokratik dəyərlər deyil, daha çox xam neftin qoxusu və geosiyasi hegemonluq arzusudur.
Bu hadisə göstərir ki, ABŞ artıq beynəlxalq hüququn incəlikləri ilə başını ağrıtmır. 2026-cı ilin Vaşinqtonu üçün Latın Amerikası sadəcə "öz həyəti"dir və bu həyətdə onun icazəsi olmadan heç kim oyun qura bilməz. Maduronu narkotik ticarətində ittiham etmək isə bu müdaxiləni Amerika ictimaiyyətinə "cinayətkara qarşı polis əməliyyatı" kimi sırımaq üçün tapılmış ən rahat bəhanədir.
Əgər bir dövlət öz ordusunu göndərib başqa bir müstəqil ölkənin rəhbərini "oğurlaya" bilirsə, deməli, BMT-nin nizamnaməsi artıq kağız parçasından başqa bir şey deyil. Bu, təkcə Venesuelanın deyil, bütün zəif dövlətlərin suverenliyinə atılmış bir güllədir. Bu gün Maduroya "diktator" deyib aparan güc, sabah başqa bir ölkədə öz maraqlarına uyğun gəlməyən hər hansı bir lideri eyni üsulla cəzalandıra bilər.
Demokratiya xarici ölkənin tankları və ya xüsusi təyinatlıları ilə gətirilən bir hədiyyə deyil. Belə "azadlıq" adətən daha böyük xaosun və yeni asılılıqların qapısını açır. Venesuela xalqı bəlkə də Maduradan narazı idi, lakin ölkənin taleyinin Karakasdakı meydanlarda deyil, Vaşinqtondakı kabinetlərdə həll olunması demokratiyanın qələbəsi yox, suverenliyin məzarıdır.
Dünya indi daha təhlükəli bir yerə çevrilib. Çünki artıq qaydalar yoxdur, sadəcə maraqlar və onları qoruyan silahlar var.
Şəmsi Qoca
aia.az