AZ

Tramp Venesuela əməliyyatının detallarını AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesueladakı hərəkətlərini fövqəladə hərbi əməliyyat adlandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.

Trampın sözlərinə görə, ABŞ hərbi əməliyyatı Venesuela paytaxtının mərkəzində həyata keçirilib.

"Bu, ABŞ tarixində hərbi gücün və peşəkarlığın ən təsirli, effektiv və fövqəladə nümayişlərindən biri idi", - deyə Tramp bildirib.

O qeyd edib ki, ABŞ-nin Venesueladakı əməliyyatı "Gecəyarısı çəkici" adlanıb və məqsədi Maduronu ələ keçirmək olub. Tramp bildirib ki, Maduronun ələ keçirilməsi əməliyyatı zamanı Venesuelanın bütün hərbi imkanları sıradan çıxarılıb.

Tramp bildirib ki, Maduro və həyat yoldaşı ABŞ məhkəməsi qarşısında cavab verəcəklər. Belə ki, Venesuela prezidenti "Cartel de los Soles" narkotik kartelinə rəhbərlik edib. O, Maduro və həyat yoldaşını ABŞ vətəndaşlarına qarşı narkoterrorizmdə ittiham edib.

"Maduronun təqsirinə dair məhkəməyə təqdim ediləcək dəlillərimiz var", - Tramp deyib.

"Heç bir ABŞ hərbçisi ölməyib, itki olmayıb. Bu əməliyyatda çoxlu helikopterimiz, təyyarələrimiz və xeyli sayda insan iştirak edib", - deyə ABŞ prezidenti qeyd edib.

Tramp vurğulayıb ki, Maduronun hakimiyyəti başa çatıb və o, artıq prezident deyil.

ABŞ Venesuelanı təhlükəsiz, nizamlı və rasional hakimiyyət keçidini həyata keçirə bilənə qədər idarə etmək niyyətindədir. Əgər bu baş verməsə, ABŞ zəruri hallarda Venesuelaya ikinci hücum dalğasına hazırdır.

"Lakin bu mərhələdə, yəqin ki, buna ehtiyac olmayacaq. İlk hücum uğurlu oldu", - deyə o bildirib.

Tramp vurğulayıb ki, Venesuelanın neft sənayesi uzun müddətdir ki, tənəzzüldədir və ABŞ onu bərpa etmək niyyətindədir./oxu.az

Seçilən
115
40
turkustan.az

10Mənbələr