Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı yaxalanaraq ölkədən çıxarılıb.
Maraqlıdır ki, 4,5 milyon milis qüvvəsi və orduya sahib ölkədə ABŞ xüsusi təyinatlıları dövlət başçısını saxlayaraq, heç bir maneə ilə qarşılaşmadan aparır. ABŞ-ın hava əməliyyatına baxmayaraq, ölkədəki hava hücumundan müdafiə sistemləri də işə düşmür.
Bütün bunlar ciddi suallar doğurur. Nyu-Yorka aparıldığı bildirilən Maduronun, nüfuzunu qorumaq üçün gizli bir razılaşmaya getdiyi ehtimal edilir. Əməliyyatın da səhnələşdirilmiş bir əməliyyat olduğu ehtimalı edilir. Digər tərəfdən “New York Times” qəzetinə danışan rəsmilər əməliyyat zamanı heç bir Amerika əsgərinin öldürülmədiyini bildirir. Milyonlarla milis və əsgərin olduğu Venesuelada, heç bir qarşıdurma olmadan prezidentin saxlanması gizli danışıqlar ehtimalını daha da gücləndirir.
Bu ssenariyə görə, Maduro ölkədən çıxarılır, yeni bir administrasiya qurulur və beləliklə, hakimiyyətin dinc şəkildə ötürülməsi təmin edilir. Venesuelada heç bir hava hücumundan müdafiə sisteminin işləməməsi və bir gün əvvəl ABŞ-a danışıqlar mesajı göndərən Maduronun bu qədər asanlıqla ələ keçirilməsi əvvəlcədən razılaşdırılmış bir ssenari ehtimalını gücləndirir.
Bundan əlavə, Maduronun ABŞ-da şahidlərin qorunması proqramına daxil edilməsi və rahat həyat sürməsi ehtimalı da müzakirə olunur.
Maduronun ən yaxın müttəfiqi Rusiyanın bu razılaşmanın harasında olması maraq doğurur. Hər halda Maduronun tək başına, Putinsiz belə bir qərar verməsi inandırıcı görünmür. Digər tərəfdən Moskvanın hadisəyə reaksiyası da o qədər sərt görünmür…
Maraqlıdır, Maduronun “təslim edilməsi” Ukrayna danışıqlarının bir parçasıdırmı?…
Tahir TAĞIYEV