"Venesuela Prezidenti Nikolas Maduronun tutulmasından sonra investorları düşündürən ən vacib suallardan biri də məhz bu hadisənin strateji məhsulların qiymətinə necə təsir göstərməsidir. Bu isə birbaşa zəngin ehtiyatlara malik olan Venesuelanın neft hasiltatçısı olması ilə bağlıdır. Prosesin Azərbaycan iqtisadiyyatına təsirlərini qiymətləndirsək, təbii ki, Azərbaycan neft ölkəsidir. Neftin dünya bazarında qiymətinin dəyişməsi Azərbaycana daxil olan valyutanın həcminə təsir göstərir. Amma hələlik neftin qiymətində xüsusi dəyişikliklər müşahidə olunmayıb. Buna görə də Azərbaycana hər hansı təsir yoxdur. Azərbaycan neftin dünya bazarında qiymətinin həm istəhsalçı, həm də istehlakçılar üçün uyğun səviyyədə qalmasını dəstəkləyən ölkələrdəndir. Uyğun qiymət isə hər barrel üçün 70-80 dollar intervalıdır. Bu, "Opek" və "Opek +" üçün uyğun qiymət kimi xarakterizə olunur. Növbəti mərhələdə neftin dünya bazarında qiymətinin necə dəyişməsindən asılı olaraq Azərbaycana təsirlərin qiymətləndirilməsi mümkündür".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayarmov deyib.
"Nikolas Maduronun tutulmasının neftin qiymətlərinə təsirləri barədə bir neçə ssenari üzrə proqnozlar təqdim edilməkdədir. Venesuelanın gündəlik neft hasilatı ilə bağlı beynəlxalq təşkilatların fərqli göstəriciləri təqdim olunsa da, bütün rəqəmlərdə sözügedən dövlətin bazarda xüsusi mövqeyə malik olmadığı aydınlaşır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gündəlik 1.098 milyon barel istehsalı ilə Venesuela neft hasilat edən ölkələr arasında 18-ci yerdədir. EİA bütövlükdə neft hasilatının 72 faizinin 10 ölkənin payına düşdüyünü açıqlayır. “Trading Economics” eyni olmasa da, oxşar nəticəni bölüşür - 1.142 milyon gündəlik hasilat ilə siyahıda 17-ci pillə. Məsələnin digər tərəfi, Venesuelanın neft ixrac edən ölkələr arasında ilk iyyirmilikdə yer almamasıdır. Belə ki, bu ölkə dünya bazarına 438 min barel neft çıxarmaqla ixracatçı ölkələr arasında 22-ci pillədə qərarlaşıb. Neft ixracatının az olması isə, təbii ki, Venesuelaya tətbiq edilən sanksiyalar ilə bağlıdır. 2024-cü ildə dəyər ifadəsində neft ixracatının15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşliyi Rusiya (9.7 %), ABŞ (9.4 %), Birləşmiş Ərəb Əmirliyi (9.1 %) və Kanada (8.5 %) tamamlayırlar. İnvestorlar üçün bütün bunlardan daha vacib olan məqam Venesuelanın neft ehtiyatlarına görə dünyada birinci olmasıdır. Kəşf edilən neft ehtiyatlarının 18,2 %-i Venesuelanın payına düşür. Dördülüyü Səudiyyə Ərəbistanı (16,2%), Kanada (10,4 %) və İran (9,6 %) tamamlayır. Bu isə o deməkdir ki, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi yaxın gələcəkdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb olacaq. Bu isə bazardakı qiymətlər üçün isti nə isə vəd etmir. Müqayisə üçün qeyd edək ki, ABŞ sərmayəsinin İraq neft sektoruna daxil olmasından sonra hasilatı kəskin artıran İraq hazırda dəyər ifadəsində ümumi neft ixracatının 8,0 faizini formalaşdırır. Bununla belə, kəskin təklif ssenarisinin reallaşmasının zaman alacağı istisna deyil. Çünki Venesualının neft infrastrukturunun texnoloji baxımdan yenidən qurulması sadəcə vəsait deyil, həmçinin zaman tələb edir. Bu isə, Venesueladan bazara daxil olacaq böyük neft kütləsi üçün əlavə vaxt deməkdir. Digər ssenari isə Venesuelada potensial xaos riskidir. Bu halda neft bazarı proseslərə fərqli reaksiya verəcək. Bununla yanaşı, bu halda belə neft qiymətlərində kəskin artım gözlənilmir. Çünki Venesuelanın mövcud hasilat və ixracatı bazara xüsusi təsir etmir. Hətta o ixrac azalsa da belə bu qiymət artımları üçün zəmin yaratmır. Bütün bunlar deməyə əsas verir ki, hətta qısa müddətdə olmasa da belə, orta müddətdə neftin qiymətlərində hiss edilən azalmalar qaçılmaz olacaq. Bu isə neft gəlirlərinin iqtisadiyyatın diversifikasiya nəticəsində digər mənbələr ilə əvəzlənməsi prioritetliyini daha da artırır", - deputat bildirib.
Aytəkin Qardaşova