"ABŞ-nin Venesuelaya hücumu Rusiya Prezidenti Vladimir Putinin maraqlarına cavab verir".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya liderini dəstəkləyir:
"Çünki onunla eyni siyasi düşüncəyə malikdir. Bununla Putinin Ukraynaya qarşı işğalına bir növ dəstək verir. Trampın Venesuelaya qarşı hərbi əməliyyatlara əmr verdiyi və paytaxtın bombalanmasını, Prezident Nikolas Maduronun saxlanıldığına dair xəbərlər gəlir".
Ekspert xatırladıb ki, Tramp Putin Alyaskada razılaşma əldə edib:
"Vladimir Putin dəfələrlə Alyaskada razılaşma əldə edildiyini vurğulayır. Həmin görüşdə Donbasın Rusiya tam verilməsi və digər işğal olunmuş ərazilərin ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması razılaşdırılıb. Putin Ukraynada "xüsusi əməliyyat" adı altında işğal müharibəsi aparır.
Tramp da Venesuelada "narkokartellerə qarşı" əməliyyat adı ilə bir ölkəni işğal edir. Baş verənlər Putinin maraqlarına xidmət edir. Özünü sülh adamı elan edən Tramp bir ölkənin suverenliyinə qarşı hərbi əməliyyatlar keçirir".
Politoloq əlavə edib ki, Azərbaycan və Ermənistanın adını düzgün tələffüz etməyən, xəritədə bu ölkələrin harada olduğunu bilməyən Tramp müharibəni bitirdiyini deyir:
"Trampın hansı müharibəni bitirdiyini axtarıb tapa bilmirəm. Venesuelaya hücum birbaşa Rusiya və Çinin geosiyasi maraqlarını artıracaq. ABŞ yaxın tarixdə Əfqanıstan və İraqa hərbi müdaxiləsi bu ölkələrə sülh gətirmədi. Venesuelaya da hücum ABŞ üçün uğurlu olmayacaq".
Məhəmməd Əsədullazadə hesab edir ki, Trampın növbəti hədəfi Kuba olacaq:
"Maduronun həbsindən sonra Venesuelada hərbi əməliyyatların davam etdirilməsinə ehtiyac olmayacaq. Demek olar ki, Venesuela Prezidenti döyüşməyin mənasız olduğunu anlayaraq təslim oldu. Venesuela Silahlı Qüvvələri ABŞ qoşunları ilə döyüşməyəcək.
ABŞ-nin növbəti hədəfi isə Kuba ola bilər. Tramp deyirdi ki, heç bir ölkənin daxili işinə qarışmayacaq. Lakin Venesuela ABŞ nəzarətində bir ölkəyə çevriləcək. Beləliklə, Rusiya və Çinin Venesuela siyasəti fiaskoya uğradı".
"Cebheinfo.az"