Azərbaycan indiyədək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya 54 milyard kubmetrdən çox qaz tədarük edib.
"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindki hesabında yazıb.
"Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından 5 il ötür. Bu müddətdə TAP-la Avropaya 54 milyard kubmetrdən çox qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələrlə operativ məlumatlara əsasən 12,8 milyard kubmetr qaz ixrac edilib", - nazir qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.