AZ

Saxta sənədlər əsasında dövlət vəsaitlərini mənimsəyən şirkət rəhbəri ilə bağlı QƏRAR

Ali Məhkəmədə mənimsəmə və digər cinayət törətməkdə təqsirləndirilən Qalib Həşimovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, MMC-lərdən birinin təsisçisi və direktoru olan Qalib Həşimov maddi məsul şəxs tərəfindən özgəyə məxsus və ona etibar edilmiş əmlakın qulluq mövqeyindən istifadə edilməklə, vahid niyyətlə və külli miqdarda ziyan vurmaqla mənimsənilməsində, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığının törədilməsində digər şəxslərlə birlikdə köməkçi qismində iştirak edib.


Məhkəmə araşdırması ilə müəyyən olunub ki, məhkum tanışları vasitəsilə dolayı yolla əlaqədə olduğu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında müvafiq dövlət qurumu çərçivəsində həyata keçirilən “Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə maliyyə əməliyyatlarında iştirak edən maddi məsul şəxsə məsləhətlər, məlumatlar verməklə və maneələri aradan qaldırmaqla yardım göstərib. Bu məqsədlə onun təsisçisi və direktoru olduğu MMC-yə məxsus bank hesabı rekvizitləri təqdim edilib və saxta sənədlər əsasında dövlət vəsaitlərinin həmin hesaba köçürülməsinə şərait yaradılıb.


Araşdırma zamanı müəyyən edilib ki, 2015-ci il ərzində 5 ödəniş tapşırığı əsasında ümumilikdə 86 500 manat məbləğində pul vəsaiti qanunsuz olaraq köçürülüb. Daha sonra həmin vəsaitlər çeklər vasitəsilə nağdlaşdırılaraq əldə edilib və digər iştirakçılara təqdim olunub. Nəticədə dövlət qurumuna məxsus vəsait vahid niyyətlə mənimsənilib, eyni zamanda rəsmi sənədlərə qəsdən yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törədilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qalib Həşimov Cinayət Məcəlləsinin (CM) 32.5, 179.3.2 və 32.5, 313-cü maddələri ilə təqsirli bilinib. CM-nin 32.5, 179.3.2-ci maddəsi üzrə ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. CM-nin 32.5, 313-cü maddəsi üzrə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin olunmayıb.


Həmçinin CM-nin 66.5-ci maddəsinə əsasən, Xətai Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza qismən toplanmaqla, məhkəmənin yekun qərarı ilə o, 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın çəkilmə müddətinin başlanğıcı isə 3 noyabr 2023-cü il tarixdən hesablanıb.


Hökmdən Qalib Həşimov tərəfindən verilmiş apellyasiya şikayəti və əlavə əsasında işə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.


Kamal Məmmədov 

Tarix: 30 Dekabr 2025, 10:13   
Seçilən
57
50
pravda.az

10Mənbələr