Ali Məhkəmədə əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən İxtiyar Səfərzadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, fərdi qaydada sahibkarlıqla məşğul olan İxtiyar Səfərzadə özgənin əmlakını qəsdən zədələmək məqsədilə qanunsuz hərəkətlər törədib.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən əmlak kompleksindəki 602,1 kvadrat metr tikili və 142,8 kvadrat metr asfalt örtüklü sahə zərərçəkmiş H.H.-nin (adı, soyadı şərtidir) mülkiyyətinə verilib, həmin ərazidə hər hansı söküntü və təmir-tikinti işlərinin aparılması qadağan olunub. Lakin buna baxmayaraq, məhkum 19 aprel 2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək olan müddət ərzində qanunsuz əməllər törədib. O, bu barədə məlumatı olmayan T.T-nin (adı, soyadı şərtidir) və şəxsiyyətləri istintaqa məlum olmayan digər ustalara göstəriş verərək, onların vasitəsilə zərərçəkmiş şəxsə məxsus əmlak hissəsində geniş söküntü işləri aparıb.
Nəticədə zərərçəkmiş H.H-yə ümumilikdə 20 982 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub, əmlak qəsdən zədələnərək məhv edilib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə İxtiyar Səfərzadə Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə əsasən, o, cinayət nəticəsində vurulmuş ziyanın iki misli məbləğində, yəni 41 964 manat cərimə cəzasına məhkum edilib. Həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib. Məhkəmə tərəfindən mülki iddia təmin olunub, ümumilikdə 24 143,95 manat məbləğində pul vəsaitinin məhkumdan tutularaq zərərçəkmiş şəxsə ödənilməsi hökm edilib.
Həmin hökmdən məhkum, zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən apellyasiya şikayətləri verilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Qeyd olunan apellyasiya qərarından zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayəti verimişdi.