Ukrayna prezidenti bildirib ki, xüsusilə hava məkanının müdafiəsində Vaşinqtonun rolu həlledicidir...
Poliqon xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin dəstəyi olmadan ölkəsinin özünü müdafiə edə bilməyəcəyini bildirib. O, bu fikirləri Amerikanın Fox telekanalına verdiyi müsahibədə səsləndirib və xüsusilə hava məkanının qorunmasında ABŞ yardımının vacibliyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın ABŞ-nin dəstəyi olmadan müharibədə qalib gəlməsi mümkün deyil. O qeyd edib ki, Vaşinqtonun yardımı olmasa, Ukrayna səmasını qorumaq qeyri-mümkündür və hətta hazırkı şəraitdə belə bu, ciddi çətinliklər yaradır. Prezident əlavə edib ki, Amerika istehsalı olan hava hücumundan müdafiə sistemləri hazırda Kiyevin Rusiya dronları və raket hücumları ilə mübarizəsində mühüm rol oynayır.
Ukrayna lideri bildirib ki, ölkəsi ABŞ-dən yalnız HHM sistemləri deyil, eyni zamanda artilleriya qurğuları və mərmilər də alır. Onun sözlərinə görə, bu silah və texnika Ukrayna ordusunun döyüş qabiliyyətinin qorunmasında əsas amillərdən biridir.
Müsahibə zamanı Zelenski həmçinin müharibədən sonrakı planlarına da toxunub. O, Rusiya–Ukrayna münaqişəsi başa çatdıqdan sonra prezident postunu tərk etməyi planlaşdırdığını açıqlayıb. Dövlət başçısının sözlərinə görə, əsas məqsədi ölkədə sülhün təmin olunmasıdır və bundan sonra siyasi karyerasını davam etdirmək niyyətində deyil.
Zelenski Ukrayna cəmiyyətindəki əhval-ruhiyyə ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, ukraynalıların 87 faizi müharibənin başa çatmasını və sülhün bərqərar olmasını istəyir. Bununla yanaşı, ölkə vətəndaşlarının 85 faizi Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisindən çıxarılmasına qarşıdır.
Prezident qeyd edib ki, Ukrayna ordusunun Donbasdan geri çəkilməsi ölkə üçün ən pis ssenari və böyük risk hesab olunur. Məhz bu səbəbdən o, belə bir variantı Ukrayna xalqı üçün qəbuledilməz saydığını vurğulayıb.
Poliqon.info