"Ermənistanda fəallaşan revanşistlər həmişə deyirdilər ki, Azərbaycan Ermənistan ərazisinə tankla girəcək. Amma Azərbaycan sübut etdi ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və sülh tərəfdarıdır". Bunu "Olaylar"a yazıçı-publisist Yunus Oğuz deyib: "Azərbaycan Ermənistana tankla yox, neft qatarı ilə girib. Bu o deməkdir ki, Azərbaycan müharibəni yox, sülhü dəstəkləyir. Ermənistandakı revanşist qüvvələrin və iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyənlərin iddialarının əksinə olaraq son proses onu göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda əməkdaşlığın formalaşması və stabilliyin əldə edilməsində maraqlıdır. Ölkəmizin bu humanist addımından sonra sülh sazişinin bağlanması əsas məsələ olaraq gündəmə gəlir. Çünki, sülh sazişini rəsmiləşdirmədən ikitərəfli əməkdaşlığın ömrü çox da uzun çəkməz. Belə bir sazişin olmaması iki dövlət arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələrin olmaması deməkdir. Düşünürəm ki, yaxın zamanlarda sülh müqaviləsi imzalanmalıdır ki, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə münasibətlər normallaşsın".Qeyd edək ki, 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb . Xatırladaq ki, Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.
18 dekabr tarixində isə Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
Onu da qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31