ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ATƏT Minsk Prosesi və əlaqəli strukturların bağlanmasını tamamlayır.
Bu barədə ATƏT-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
“1 sentyabr 2025-ci ildə Nazirlər Şurası tərəfindən qəbul edilmiş 1/25 saylı qərara əsasən, Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması ilə bağlı addımlar ATƏT tərəfindən həyata keçirilir”, - məlumatda qeyd edilib.
Vurğulanıb ki, bağlanma 1 dekabr 2025-ci ilə qədər başa çatacaq: “Bu tarixdən sonra Minsk Prosesi və əlaqəli strukturların mandatı çərçivəsində aparılan bütün fəaliyyətlər rəsmi olaraq sona çatacaq”.
Bağlanmanın rəsmi olaraq başa çatdığını elan etmək üçün 1 dekabrda ATƏT tərəfindən bir açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.