Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Psixologiya İnstitutunun apardığı yeni araşdırma ölkədə elmi savadlılıq səviyyəsinin narahatedici dərəcədə aşağı olduğunu üzə çıxarıb. Sorğu nəticələri göstərir ki, respondentlərin mühüm hissəsi çoxdan təkzib edilmiş elmi faktları və mifoloji inancları həqiqət kimi qəbul edir.
Məlumata görə, rusiyalıların 20%-i hələ də Günəşin Yer ətrafında dövrə vurduğunu düşünür. Bu isə elm tarixinin ən fundamental həqiqətlərindən birinə — heliosentrik sistemə dair tam yanlış təsəvvürlərin hələ də geniş yayıldığını göstərir.
Sorğuda iştirak edənlərin 16%-i insanların dinozavrlarla eyni dövrdə yaşadığına inanır. Alimlər isə bu iki mərhələ arasında on milyonlarla il fərq olduğunu xatırladırlar.
Bundan başqa, 39% rusiyalı cadugər və sehrbazların real olduğuna, 34%-i isə ekstrasenslərin gələcəyi görə bildiyinə inanır.
Tədqiqatçılar bildirirlər ki, yanlış təsəvvürlərə ən çox məruz qalan qrup 18–24 yaş arası gənclərdir — yəni informasiya mənbələrinə ən geniş çıxışı olan nəsil.
Musavat.com