Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 10-cu turu çərçivəsində “Vlajniya” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan xal itkisi ilə ayrılıb – 2:2.
Əliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Eqnatiya” 10 turdan sonra 19 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 10 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Yarış cədvəlinə 20 xala malik olan “Vlajniya” rəhbərlik edir. Eyni xala malik “Elbasani” isə ikincidir.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 51 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

