BAKI, 11 oktyabr. TELEQRAF
Braziliyanın “Santos” klubunun futbolçusu Neymarın İspaniya “Barselona”sındakı sabiq komanda yoldaşları Lionel Messi və Luis Suareslə yenidən bir araya gəlmək imkanı yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, hazırda Messi və Suaresin çıxış etdiyi ABŞ klubu “İnter Mayami” 33 yaşlı Neymarın transferini nəzərdən keçirir. Klub rəhbərliyi əfsanəvi hücum triosunu karyeralarının son mərhələsində yenidən birləşdirmək istəyir.
Hələlik danışıqlar başlanmayıb, lakin Neymarın nümayəndələri futbolçunun 2026-cı il dünya çempionatı ərəfəsində ABŞ-ə köçməsində maraqlı olduqlarını bildiriblər.
Bundan əlavə, “İnter Mayami” 38 yaşlı Messi və Suareslə müqavilənin uzadılması üzərində də çalışır.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da oynayıb.