AZ

Türk birliyinin gələcək yol xəritəsini müəyyənləşdirən Xll Zirvə görüşü

Oktyabrın 6–7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü keçirildi. Təsadüfi deyil ki, bu görüş üçün məhz Qəbələ seçildi: tarixən Qafqazın strateji qapısı sayılan bu şəhər bu dəfə türklərin birliyinin rəmzinə çevrildi.

Bu Zirvə sadəcə diplomatik protokol deyil, həm də siyasi məna daşıyan bir mesaj idi: türk dövlətləri artıq mədəni və dil birliyindən çıxaraq, real iqtisadi, siyasi və təhlükəsizlik sisteminə çevrilmək yolundadır.

Bir zamanlar “türk birliyi” ifadəsi yalnız romantik ideya kimi səslənirdi. Lakin bu gün bu birlik artıq iqtisadi reallıqlarla ölçülür. Orta Dəhliz layihəsi, Zəngəzur koridoru, enerji və nəqliyyat xəttlərinin inteqrasiyası, birgə ticarət platformalarının yaradılması TDT-ni simvolik təşkilatdan strateji güc mərkəzinə çevirib.

Bu Zirvə Qəbələdə göstərdi ki, təşkilatın mahiyyəti artıq “qardaşlıq”dan ibarət deyil – burada “ortaq maraqlar” və “ortaq gələcək” anlayışları formalaşır. Türk dünyası yalnız bir bayraq altında deyil, həm də bir iqtisadi məntiq ətrafında toplanır.

Prezident İlham Əliyevin Zirvədəki çıxışı türk birliyinin gələcək yol xəritəsini müəyyənləşdirdi. O, açıq şəkildə bildirdi ki, Türk Dövlətləri Təşkilatı regionda sülhün, əməkdaşlığın və sabitliyin əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın Qarabağ zəfərindən sonra türk coğrafiyasındakı nüfuzu təkcə hərbi yox, həm də siyasi reallığa çevrilib.

12-ci Zirvə Görüşündə çıxış edən ölkə başçısı bildirdi ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.

“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” – deyə ölkə başçısı bildirdi.

Öz çıxışında Prezident İlham Əliyev qeyd edib: “Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.

Bu gün Bakı artıq “birləşdirən mərkəz” funksiyasını daşıyır: enerji resurslarından kommunikasiya dəhlizlərinə, mədəni platformalardan humanitar layihələrə qədər hər sahədə Azərbaycan türk dünyasının əlaqə nöqtəsidir.

Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni yaxınlığın simvolu deyil, konkret maraqlara əsaslanan və real təsir gücü formalaşdıran siyasi platformadır. Bu platforma Türk dünyasını vahid strateji xəttə cəmləyir, iqtisadi, hərbi və ideoloji koordinasiyanı möhkəmləndirir. TDT-nin inkişafı ilə Avrasiyada yeni güc balansı formalaşır və bu, təkcə Türk xalqları üçün deyil, bütün region üçün yeni siyasi reallığın başlanğıcı deməkdir.

Qəbələdə keçirilən Zirvə göstərdi ki, TDT artıq bir mədəni forumdan daha böyük bir amilə çevrilib. Burada qərarlar, sənədlər və bəyanatlar təkcə yazılı mətn deyil — türk dünyasının gələcəyinin planıdır.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti kimi üzvlərin və müşahidəçilərin bir masa arxasında əyləşməsi, əslində, Avrasiya coğrafiyasında yeni bir siyasi xəritənin çəkildiyini göstərir.

Qəbələ Zirvəsi bir daha sübut etdi ki, türk birliyi artıq xəyal deyil — bu, XXI əsrin geosiyasi reallığıdır. Bu birlik enerji və nəqliyyat xətlərinin, iqtisadi əməkdaşlığın, ortaq mədəniyyətin və qarşılıqlı hörmətin üzərində qurulub.

TDT-nin gücü ondadır ki, o, keçmiş romantizmi bugünkü praqmatizmə çevirə bilib. Qəbələdə səslənən hər çıxış, hər razılaşma bir məqsədə xidmət edir – Türk dünyasının səsini daha aydın, daha güclü və daha müstəqil etmək!

Gülər Baxışova

Pedaqogika üzrə fəlsəfə doktoru

Seçilən
19
5
moderator.az

6Mənbələr