AZ

Liderlərin Zirvə görüşü: Keçmiş romantizmdən çağdaş praqmatizmə

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 6–7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü keçirildi. Təsadüfi deyil ki, bu görüş üçün məhz Qəbələ seçildi: tarixən Qafqazın strateji qapısı sayılan bu şəhər bu dəfə türklərin birliyinin rəmzinə çevrildi.

Bu Zirvə sadəcə diplomatik protokol deyil, həm də siyasi məna daşıyan bir mesaj idi: türk dövlətləri artıq mədəni və dil birliyindən çıxaraq, real iqtisadi, siyasi və təhlükəsizlik sisteminə çevrilmək yolundadır.

Bir zamanlar “türk birliyi” ifadəsi yalnız romantik ideya kimi səslənirdi. Lakin bu gün bu birlik artıq iqtisadi reallıqlarla ölçülür. Orta Dəhliz layihəsi, Zəngəzur koridoru, enerji və nəqliyyat xətlərinin inteqrasiyası, birgə ticarət platformalarının yaradılması TDT-ni simvolik təşkilatdan strateji güc mərkəzinə çevirib.

Bu Zirvə Qəbələdə göstərdi ki, təşkilatın mahiyyəti artıq “qardaşlıq”dan ibarət deyil – burada “ortaq maraqlar” və “ortaq gələcək” anlayışları formalaşır. Türk dünyası yalnız bir bayraq altında deyil, həm də bir iqtisadi məntiq ətrafında toplanır.

Prezident İlham Əliyevin Zirvədəki çıxışı türk birliyinin gələcək yol xəritəsini müəyyənləşdirdi. O, açıq şəkildə bildirdi ki, Türk Dövlətləri Təşkilatı regionda sülhün, əməkdaşlığın və sabitliyin əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın Qarabağ zəfərindən sonra türk coğrafiyasındakı nüfuzu təkcə hərbi yox, həm də siyasi reallığa çevrilib.

Bu gün Bakı artıq “birləşdirən mərkəz” funksiyasını daşıyır: enerji resurslarından kommunikasiya dəhlizlərinə, mədəni platformalardan humanitar layihələrə qədər hər sahədə Azərbaycan türk dünyasının əlaqə nöqtəsidir.

Bütün bu proseslər fonunda TDT-nin güclənməsi və genişlənməsi müəyyən dövlətlərdə, xüsusilə Rusiya və İranda narahatlıq doğurur. Rusiya üçün bu birlik postsovet məkanında yeni, Moskvanın təsir dairəsinə alternativ siyasi qütb kimi görünür. Kremlin ənənəvi “yumşaq hegemonluq” modeli Mərkəzi Asiyada getdikcə zəifləyir və TDT bu boşluğu öz inteqrasiya ideyası ilə doldurur.

İran üçün isə TDT-nin güclənməsi həm iqtisadi, həm də geosiyasi baxımdan risk yaradır. Zəngəzur dəhlizi ideyası Tehranın regionda tranzit mərkəz statusuna zərbə vurur və İranın Qafqazda siyasi təsir imkanlarını azaldır. Bundan başqa, türk dövlətlərinin ortaq ideoloji xəttinin formalaşması Tehran üçün kimlik və nüfuz məsələsində əlavə çağırışdır.

Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni yaxınlığın simvolu deyil, konkret maraqlara əsaslanan və real təsir gücü formalaşdıran siyasi platformadır. Bu platforma Türk dünyasını vahid strategiya ətrafında birləşdirir, iqtisadi, hərbi və ideoloji koordinasiyanı möhkəmləndirir. TDT-nin inkişafı ilə Avrasiyada yeni güc balansı formalaşır və bu, təkcə Türk xalqları üçün deyil, bütün region üçün yeni siyasi reallığın başlanğıcı deməkdir.

Qəbələdə keçirilən Zirvə göstərdi ki, TDT artıq bir mədəni forumdan daha böyük bir amilə çevrilib. Burada qərarlar, sənədlər və bəyanatlar təkcə yazılı mətn deyil — türk dünyasının gələcəyinin planıdır.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti kimi üzvlərin və müşahidəçilərin bir masa arxasında əyləşməsi, əslində, Avrasiya coğrafiyasında yeni bir siyasi xəritənin çəkildiyini göstərir.

Qəbələ Zirvəsi bir daha sübut etdi ki, türk birliyi artıq xəyal deyil – bu, XXI əsrin geosiyasi reallığıdır. Bu birlik enerji və nəqliyyat xətlərinin, iqtisadi əməkdaşlığın, ortaq mədəniyyətin və qarşılıqlı hörmətin üzərində qurulub.

TDT-nin gücü ondadır ki, o, keçmiş romantizmi bugünkü praqmatizmə çevirə bilib. Qəbələdə səslənən hər çıxış, hər razılaşma bir məqsədə xidmət edir – Türk dünyasının səsini daha aydın, daha güclü və daha müstəqil etmək!

Elnarə AKİMOVA,Milli Məclisin deputatı,filologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
5
xalqqazeti.az

6Mənbələr