Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.
***
09.33
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binalardan birində yanğınla əlaqədar polis təxliyyə tədbirlərində iştirak edir. Yanğınla bağlı ən mühüm vəzifələrdən biri – insanların təxliyyəsi (evakuasiyası) polis əməkdaşlarının fəallığı ilə həyata keçirilir.
Onlar sakinlərin həyatını təhlükədən qorumaq, vəziyyətin nəzarətdə saxlanılması üçün zəruri addımlar atırlar.
***
08:58
Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.
Əlavə məlumat veriləcək.
***
08:49
Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.
***
08:22
“112” qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.










