AZ

Şəkidə Ombudsmanın yeni regional mərkəzinin açılışı olub  

Şəki “ASAN xidmət” mərkəzində Ombudsmanın (Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili) Şimal-Qərb Regional Mərkəzinin yeni ünvanda açılış mərasimi keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, açılışdan əvvəl ombudsman Səbinə Əliyeva və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Açılış mərasimində çıxış edən S.Əliyeva diqqətə çatdırıb ki, Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərən Ombudsman institutu insan hüquqlarının müdafiəsinə və vətəndaş məmnunluğunun təmininə xidmət edir. Qeyd olunub ki, yeni ünvanda yerləşən regional mərkəz müraciətlərin daha operativ araşdırılmasına, elektron yeniliklərin tətbiqi isə qəbul imkanlarının genişlənməsinə şərait yaradacaq.

Könüllülərin vətəndaşlara yardımçı olacaqlarını bildirən ombudsman əlavə edib ki, Şimal-Qərb Regional Mərkəzinin Şəki "ASAN xidmət" mərkəzində yerləşməsi ərizəçilərin sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerindəcə həllini tapmağa kömək olacaq.

Sonra tədbir iştirakçıları Ombudsmanın Şimal-Qərb Regional Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Mərkəzin açılışından sonra S.Əliyeva Şəki şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Müvəkkil görüş üçün müraciət etmiş 12 nəfəri, Birinci və İkinci Qarabağ müharibələri iştirakçıları və fiziki məhdudiyyətli şəxsləri fərdi qaydada dinləyib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq dövlət qurumlarına müraciət olunacağı bildirilib.

Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Seçilən
11
8
azerbaijan-news.az

9Mənbələr