AZ

Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb və vətəndaş qəbulu keçirilib

Şəki "ASAN xidmət" mərkəzində Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin yeni ünvanda açılış mərasimi keçirilib.

Açılışdan əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Açılış mərasimində çıxış edən Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərən Ombudsman institutu insan hüquqlarının müdafiəsi və vətəndaş məmnunluğunun təmininə xidmət edir. Bildirilib ki, yeni ünvanda yerləşən regional mərkəz müraciətlərin daha operativ araşdırılmasına, elektron yeniliklərin tətbiqi isə qəbul imkanlarının genişlənməsinə şərait yaradacaq.

Qəbul prosesində könüllülərin də vətəndaşlara yardımçı olacaqlarını bildirən S.Əliyeva əlavə edib ki, Şimal-Qərb Regional Mərkəzinin Şəki "ASAN xidmət" mərkəzində yerləşməsi ərizəçilərin sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerində həllinə imkan yaradacaq.

Ombudsman həyata keçirilən fəaliyyətin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdiyini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları Ombudsmanın Şimal-Qərb Regional Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Şimal-Qərb Regional Mərkəzinin açılışından sonra Ombudsman Səbinə Əliyeva Şəki şəhərində vətəndaş qəbulu keçirib.

Müvəkkil qəbul üçün müraciət etmiş Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçıları, həmçinin, əlilliyi olan şəxslər olmaqla, 12 nəfərin hər birini fərdi qaydada qəbul edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Sonda Ombudsman Səbinə Əliyeva Azərbaycan Televiziyasına müsahibə verərək yeni regional mərkəzin açılışı və onun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Hurriyyet.az

Seçilən
14
8
hurriyyet.az

9Mənbələr