AZ

İlbər Ortaylı Naxçıvanda – Fotolar

Tanınmış türkiyəli tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlbər Ortaylı Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə 20-23 sentyabr tarixlərində Naxçıvanda səfərdədir. 

Tribunainfo.az xəbər verir ki, səfər çərçivəsində professor İlber Ortaylı, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, ali təhsil ocağının rəhbər heyəti və əməkdaşları tarixi abidələri ziyarət ediblər.

Məşhur elm xadimi İlber Ortaylının səfərinin ilk günündə Naxçıvanın möcüzəli şəfa ocağı “Duzdağ Müalicə Mərkəzi” ilə tanışlığı təşkil olunub. Mərkəzdə gəzinti zamanı duz mədənlərində yaradılmış yeraltı müalicə mərkəzinin unikallığı, duz layları ilə örtülü divarları, şəraiti alimdə zəngin təəssürat yaradıb. Bununla yanaşı naxçıvanlı sənətkarların qaya duzundan hazırladığı əl işləri onun diqqətini çəkib.

Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində yerləşən XVIII əsrə aid  “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olan dəyərli elm xadimi sarayın orijinal memarlıq üslubunu heyranlıqla izləyib. Naxçıvan xanlarına aid şəxsi əşyalar, eləcə də digər eksponantlarla xüsusi olaraq maraqlanıb.

Professor tarixi fotolara baxarkən Kəngərlilər tayfasına aid fotolarla yaxından tanış olub. Dəyərli elm xadimi Kəngərlilərin Naxçıvan tarixində tanınmış tayfa olduğunu vurğulayıb və tarixi fotolar arasında Fikrət bəy Kəngərlini tanıdığını bildirib.

“Kaş ki daha çox vaxtım olardı və Naxçıvandakı bütün tarixi arxiv materiallarını tədqiq edə bilərdim”, – o qeyd edib.

Naxçıvan şəhərindəki tarixi abidələrlə yanaşı, Culfa rayonunda da qonaq olan professor hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof Fəzlullah Nəiminin Xanəgah kəndi yaxınlığında yerləşən orta əsrlər dövrünə aid türbəsini də ziyarət edib. Həmçinin Əlincə qalasının şərq yamacında inşa edilən XV əsrə aid Əmirxan türbəsində olub. Kəndin ecazkar gözəlliyi və bu günədək qorunub saxlanan tarixi abidələri onun diqqətini cəlb edib.

Daha sonra Ordubad rayonu ərazisində Zəngəzur dəhlizinə açılan qapı – Kotam kəndini gəzən professor ərazinin tarixən çox önəmli,  xüsusi strateji məkan olduğunu bildirib. Həm də tarixboyu bu torpaqların şəxsiyyətlər yetirdiyini qeyd edib.

Professor gəzinti zamanı Ordubad şəhərinin qədim məhəllələrindən olan Sərşəhər meydanını gəzib, eyniadlı məscid, bulaq və həmin meydandakı tarixiliyi özündə ehtiva edən evlər və digər tikililərlə yaxından tanış olub.

İlber Ortaylı Ordubadda olmağı çoxdan arzuladığını bildirib: “Bu gün qoca çinarın altında oturub tarixi irsi özündə əks etdirən evlərin əhatəsində dayanmaq, təbii ki, insana nostalji hisslər bəxş edir. Burada olub, buranın adət-ənələrini və memarlıq quruluşunu dərindən bilmək lazımdır”.

Eləcə də Sərşəhər meydanında olarkən professor şəhər sakinləri və oradakı qonaqlarla maraqlı söhbət edib, xatirə şəkilləri çəkdirib.

Günün sonunda Ordubad mətbəxinə aid kulinariya nümunələrinin dadına baxan görkəmli elm xadimi Azərbaycan ənənələrini, mədəni inkişafı qədimdə olduğu kimi saxlayan Naxçıvanın bundan sonra da mədəni irsi ilə inkişafını davam etdirəcəyini ifadə edib.

Qeyd edəki, İ.Ortaylının muxtar respublikada səfərinin ikinci günü professor bir sıra görüşlər keçirəcək və çıxışları olacaq.

Seçilən
18
6
tribunainfo.az

9Mənbələr