AZ

İlbər Ortaylı: Kaş ki daha çox vaxtım olardı və Naxçıvandakı bütün tarixi arxiv materiallarını tədqiq edə bilərdim

Tanınmış türkiyəli tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlbər Ortaylı Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə Naxçıvanda səfərdədir.

Səfər çərçivəsində professor İlbər Ortaylı, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, ali təhsil ocağının rəhbər heyəti və əməkdaşları tarixi abidələri ziyarət ediblər.

Məşhur elm xadimi İlbər Ortaylının səfərinin ilk günündə Naxçıvanın möcüzəli şəfa ocağı “Duzdağ Müalicə Mərkəzi” ilə tanışlığı təşkil olunub. Mərkəzdə gəzinti zamanı duz mədənlərində yaradılmış yeraltı müalicə mərkəzinin unikallığı, duz layları ilə örtülü divarları, şəraiti alimdə zəngin təəssürat yaradıb. Bununla yanaşı naxçıvanlı sənətkarların qaya duzundan hazırladığı əl işləri onun diqqətini çəkib.

Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində yerləşən XVIII əsrə aid “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olan dəyərli elm xadimi sarayın orijinal memarlıq üslubunu heyranlıqla izləyib. Naxçıvan xanlarına aid şəxsi əşyalar, eləcə də digər eksponatlar ilə xüsusi olaraq maraqlanıb. Professor İlbər Ortaylı tarixi fotolara baxarkən Kəngərlilər tayfasına aid fotolarla yaxından tanış olub. Dəyərli elm xadimi Kəngərlilərin Naxçıvan tarixində tanınmış tayfa olduğunu vurğulayıb və tarixi fotolar arasında Fikrət bəy Kəngərlini tanıdığını bildirib. O, qeyd edib ki, “kaş ki daha çox vaxtım olardı və Naxçıvandakı bütün tarixi arxiv materiallarını tədqiq edə bilərdim”.

Naxçıvan şəhərindəki tarixi abidələrlə yanaşı, Culfa rayonunda da qonaq olan professor İlbər Ortaylı hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof Fəzlullah Nəiminin Xanəgah kəndi yaxınlığında yerləşən orta əsrlər dövrünə aid türbəsini də ziyarət edib. Həmçinin Əlincə qalasının şərq yamacında XV əsrdə inşa edilmiş Əmirxan türbəsində olub. Kəndin ecazkar gözəlliyi və bu günədək qorunub saxlanan tarixi abidələri onun diqqətini cəlb edib.

Daha sonra Ordubad rayonu ərazisində Zəngəzur dəhlizinə açılan qapı - Kotam kəndini gəzən professor ərazinin tarixən çox önəmli, xüsusi strateji məkan olduğunu bildirib. Həm də tarixboyu bu torpaqların şəxsiyyətlər yetirdiyini qeyd edib. Professor gəzinti zamanı Ordubad şəhərinin qədim məhəllələrindən olan Sərşəhər meydanında olub, eyniadlı məscid, bulaq və həmin meydandakı tarixiliyi özündə ehtiva edən evlər və digər tikililərlə yaxından tanış olub. İlbər Ortaylı Ordubadda olmağı çoxdan arzuladığını bildirib. “Bu gün qoca çinarın altında oturub, tarixi irsi özündə əks etdirən evlərin əhatəsində dayanmaq, təbii ki, insana nostalji hisslər bəxş edir. Burada olub, buranın adət-ənənələrini və memarlıq quruluşunun dərindən bilmək lazımdır”, – deyə tarixçi-alim söyləyib.

Eləcə də Sərşəhər meydanında olarkən professor şəhər sakinləri və oradakı qonaqlarla maraqlı söhbət edib, xatirə şəkilləri çəkdirib.

Günün sonunda Ordubad mətbəxinə aid kulinariya nümunələrinin dadına baxan görkəmli elm xadimi Azərbaycan ənənələrini, mədəni inkişafı qədimdə olduğu kimi saxlayan Naxçıvanın bundan sonra da mədəni irsi ilə inkişafını davam etdirəcəyini ifadə edib.

Qeyd edək ki, dəyərli elm xadimi, yazıçı İlbər Ortaylının muxtar respublikada səfərinin ikinci günü professorun bir sıra görüşləri və çıxışları olacaq.

Səbuhi HƏSƏNOV

 

Seçilən
7
6
xalqqazeti.az

9Mənbələr