AZ

Antiterror tədbirləri hərb tariximizin parlaq və qürur doğuran salnaməsidir

ain.az bildirir, Missiya.az portalına istinadən.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən iki il ötür. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən və cəmi 23 saat çəkən bu hərbi əməliyyatla tarixi torpaqlarımız olan Qarabağdakı erməni separatçılığına birdəfəlik son qoyuldu, bütün ərazilərimiz üzərində dövlətimizin milli suverenliyi təmin olundu. Bu tarixi hadisə ilə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindən sonra Azərbaycanın dövlətçilik və müasir müstəqillik salnaməsinin növbəti şərəfli səhifəsi yazıldı.

Məlum olduğu kimi 2020-ci ilin 10 noyabrında imzalanmış kapitulyasiya aktından sonra Ermənistan silahlı qüvvələrinin birləşmələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycanın Qarabağ bölgəsini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri isə tərksilah olunmalı idi. Lakin Ermənistan öhdəliklərini yerinə yetirməkdən yayındı. Azərbaycanın sülh çağırışlarının əvəzində isə Qarabağdakı qanunsuz silahlı dəstələr ərazilərimizi minalayır, hərbçilərimizə və mülki vətəndaşlarımıza qarşı təxribatlar həyata keçirirdilər. Azərbaycan ərazilərində dövlət qurmaq xülyasında olan separatçılar özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Hətta 2023-cü il sentyabrın 2-də Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçılara təbrik müraciəti ünvanlamışdı.

Ermənistan tərəfinin təxribatları bunlarla bitmirdi. Qeyd olunanlarla yanaşı, Qarabağın təbii və mineral sərvətləri separatçı rejimin ünsürləri tərəfindən talan edilərək Ermənistana daşınır, təbiətimizə zərər vurulurdu.

Prezident İlham Əliyev 2023-cü ilin sentyabrına qədər bir neçə dəfə Qarabağdakı cinayətkar rejimlə bağlı sərt xəbərdarlıqlarını etmişdi. 2023-cü ilin may ayında dövlətimizin başçısı Laçından bir daha xəbərdarlığını edərək demişdi:

"Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var".

Prezident İlham Əliyevin etdiyi xəbərdarlıqlardan nə Ermənisitan rəhbərliyi, nə də separatçılar nəticə çıxardılar. Lakin xalqımız əmin idi ki, qətiyyətli və müdrik siyasəti ilə Vətən müharibəsində düşmənin başını «dəmir yumruqla» əzən Müzəffər Ali Baş Komandan 44 günlük savaşdakı məğlubiyyətdən dərs almayan və Azərbaycanı hədələyən erməni separatizminə də son qoyacaq. Bu gün tarixə ekskurs edəndə, 2023-cü ilin sentyabr ayına qədər baş verənləri təhlil edəndə görürük ki, Prezident İlham Əliyev təmkinlə, siyasi-diplomatik uzaqgörənliklə respublikamızı uğurla bu məqsədə doğru aparıb.

Xatırladaq ki, hələ 2022-ci ilin dekabr ayından başlanan ekoloji fəalların aksiyaları Laçın-Xankəndi yolu ilə Qarabağa qanunsuz silah-sursatın gətirilməsinin, Qarabağdan talan olunan sərvətlərin Ermənistana daşınmasının qarşısını almış və bununla da, separatçıların əl-ayağı bağlanmışdı. 2023-cü il aprel ayının 23-də Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması isə Prezident İlham Əliyevin Azərbaycanın milli maraqları uğrunda həyata keçirdiyi qətiyyətli və uzaqgörən siyasətin növbəti təntənəsi idi. Bu hadisə bir daha göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraq və mənafelərinin qorunması və təmin edilməsi istiqamətində dəqiq, uzaqgörən və müdrik strateji siyasi kurs müəyyən edib. Hansı ki, bu kurs Vətən müharibəsindən əvvəl və ondan sonrakı dövrlərdə respublikamızın bütün strateji hədəf və məqsədlərinə çatmasını təmin edib və bu gün də etməkdədir.

Erməni separatçıları tərəfindən mülki vətəndaşlarımıza və hərbçilərimizə qarşı ardıcıl şəkildə həyata keçirilən təxribatların davam etdirilməsi, 2023-cü il sentyabrın 19-da isə 6 vətəndaşımızın ölümünə səbəb olan iki terror aktının törədilməsi onlara qarşı lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə səbəb oldu. Qarabağdakı qondarma və separatçı rejimin zərərsizləşdirilməsi, bu ərazidəki Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah olunması və Azərbaycanın Konstitusiya quruluşunun bərqərar edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da başlanan bu əməliyyat cəmi 23 saat davam etdi. Bu qısa dövr ərzində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü, modern hərbi imkanlara sahib olmasını bir daha nümayiş etdirdi.

Antiterror tədbirləri Azərbaycan dövlətinin növbəti zəfəri, hərb tariximizin parlaq və qürurdoğuran səhifələrindən biridir. Lakin Azərbaycan dövləti həmin vaxt sadəcə Qarabağdakı erməni separatizmini və Ermənistan ordusunun bölmələrini məhv etmədi. Azərbaycan dövləti həm də torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması üçün dəridən-qabıqdan çıxan Fransa kimi Qərb siyasi mərkəzlərinə qalib gəldi. Bütün dünya bir daha Azərbaycan dövlətinin gücünə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətə şahidlik etdi.

İki il əvvələ qədər torpaqlarımızda «Artsax» adlı qondarma respublika qurduqlarını iddia edən, ölkəmizi hədələyən və təhdid edən, hərbçilərimizə, mülki vətəndaşlarımıza qarşı təxribatlar törədən separatçılar isə tutularaq Bakıya gətirildilər. Onlar dövlətimizə və xalqımıza qarşı törətdikləri əməllərə görə bu gün Azərbaycan məhkəməsi qarşısında cavab verirlər. Bu baxımdan antiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz.

Qəhrəman ordumuzun qələbəsi ilə yekunlaşan antiterror tədbirlərində Qarabağda erməni separatizminə son qoyulması ilə həm də bütün torpaqlarımız üzərində Azərbaycan dövlətinin milli suverenliyi, respublikamızın konstitusion hüquqları təmin edildi. Ona görə antiterror tədbirləri Azərbaycan dövlətçiliyinin qürur tarixi, xalqımızın fəxarət ünvanıdır. Dövlət və xalq məhz bu cür hadisələr sayəsində ucalır, gələcəyinə gedən yolda nümunəvi, örnək dolu tarix yaradır.

Xanlar FətiyevMilli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
5
missiya.az

6Mənbələr