AZ

Mərkəzi Bankın faiz qərarı

Uçot dərəcəsi dəyişməsə də, inflyasiya riskləri qalır

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini dəyişməmək qərarına gəlib. “Yeni Müsavat” AMB-yə istinadən xəbər verir ki, iyuldakı iclasda 0,25 faiz bəndi azaldılma qərarından sonra bu dəfə uçot dərəcəsinin 7 faiz, faiz dəhlizinin aşağı həddinin 6 faiz, faiz dəhlizinin yuxarı həddinin isə 8 faiz səviyyəsində dəyişməz saxlanılmasına dair qərar qəbul edilib.

Tənzimləyici bildirir ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib: “Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2 faiz, ödənişli xidmətlər üzrə 5.6 faiz, qeyri-qida məhsulları üzrə isə 2.1 faiz təşkil edib. İllik baza inflyasiya isə 4.6 faiz olub”.

Tənzimləyiciyə görə, ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından asılıdır.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2025-ci ilin avqust ayında Azərbaycanda 12 aylıq inflyasiya 4,9 faiz təşkil edib. Bu zaman qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətində 6,6 faiz,  qeyri-qida məhsullarının qiymətində 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyərində isə 4,9 faiz artım baş verib. Göründüyü kimi, ərzaq məhsulları üzrə inflyasiyanın sürətlənməsi müşahidə olunmaqdadır. AMB-nin hesablamalarına əsasən ölkədə inflyasiyaya ən çox artırıcı təsir göstərən amillər arasında birinci yerdə idxal, ikinci yerdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksidir. 

Mərkəzi Bank 2025-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin 1,3 faiz artımını proqnozlaşdırmışdı. Lakin iyulda bu proqnoz 6,9 faizə qədər artırılıb. Hesablamalara görə, bu fərq ilin yekununda inflyasiyaya 3,17 faiz artırıcı təsir göstərəcək. 

Bundan əlavə, AMB-nin hesablamalarına əsasən xarici amillərin inflyasiyada payı 30-35 faizə çatır. 

AMB bildirir ki, beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır: “Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7 faiz, o cümlədən ərzaq qiymətləri indeksi 3.3 faiz azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb”.

Azərbaycanda bir qayda olaraq dünya bazarında, xüsusilə ərzaq bazarındakı qiymət azalmalarının daxili bazara heç bir təsiri olmur. Qiymət artımları isə dərhal daxili bazarda əksini tapır. Məsələn, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 2025-ci ilin avqustunda iyulla müqayisədə demək olar ki, dəyişməz qalaraq orta hesabla 130,1 bənd təşkil edib. Ötən ay ət, şəkər və bitki yağı indekslərindəki artım dənli bitkilər və süd məhsulları indekslərinin azalması ilə kompensasiya edilib. 

Ötən ay qlobal taxıl qiymətləri indeksi orta hesabla 105,6 bənd təşkil edib. Bu, iyul ayına nisbətən 0,8 bənd (0,8 faiz) və 2024-cü ilin avqust ayındaki dəyərindən 4,5 bənd (4,1 faiz) aşağıdır. 

FAO Bitki Yağı Qiymətləri İndeksi avqust ayında orta hesabla 169,1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2,3 bənd (1,4 faiz) və 2022-ci ilin iyul ayından bəri ən yüksək göstəricidir. Artım soya yağı qiymətlərindəki cüzi azalma fonunda palma, günəbaxan və kolza yağı qiymətlərinin yüksək olması ilə əlaqədardır.

FAO-nun Ət Qiymətləri İndeksi avqustda orta hesabla rekord 128,0 bənd təşkil edib ki, bu da iyul ayına nisbətən 0,7 bənd (0,6 faiz) və bir il əvvəllə müqayisədə 5,9 bənd (4,9 faiz) yüksəkdir. Artım mal və qoyun əti qiymətləri hesabınadır, donuz ətinin qiyməti sabit qalıb, toyuq əti isə ucuzlaşıb. 

FAO Süd Məhsullarının Qiymətləri İndeksi 2025-ci ilin avqustunda iyul ayına nisbətən 1,3 faiz azalaraq orta hesabla 152,6 bənd təşkil edib; Azalma kərə yağı, pendir və tam süd tozunun dünya qiymətlərinin aşağı düşməsinin nəticəsi olub.

Nəhayət, FAO Şəkər Qiyməti İndeksi avqustda iyul ayındaki səviyyəsindən 0,3 bənd (0,2 faiz) artaraq orta hesabla 103,6 bənd təşkil edib; ardıcıl beş aylıq enişdən sonra indeksin orta dəyəri artsa da, ötən ilin müvafiq dövründən hələ də 10,3 bənd (9,0 faiz) aşağıdır.

Azərbaycanda buğda və buğda məhsulları qiymətlərində hər hansı ucuzlaşma qeydə alınmayıb, amma mal və qoyun ətində bahalaşma dərhal bazarda əksini tapıb. 

AMB-nin açıqlamasına görə, cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələyib: “Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29.3 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə, tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 6.3 faizi səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1.6 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır”.

Azərbaycanda pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib, AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib: “AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15 faiz, avqustda 6.97 faiz, sentyabrın ötən dövründə isə 6.98 faiz olub. Ötən iclasdan bəri AZIR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin sayı 19 faiz artıb”.

Mərkəzi Bank hesab edir ki, inflyasiyanı artıra biləcək əsas daxili risk faktoru olaraq xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər: “Cari ilin sonunadək məcmu tələbin dinamikası başlıca olaraq dövlət xərclərinin icrasından asılı olacaq. 2025-ci ilin sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə müqayisədə aşağı olacağı gözlənilir”.

AMB faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq verəcək: “Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaq. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi 2025-ci ilin 8 ayının iqtisadi yekunlarını açıqlayıb. Məlum olub ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkədə 83 milyard 37,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu zaman iqtisadiyyatın neft-qaz sektorunda ÜDM istehsalı 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artıb.

ÜDM istehsalının 34,9 faizini təmin edən sənaye sektorunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal edilib. Hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb. 

Sənaye məhsulunun 61,2 faizinin istehsal olunduğu mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artıb.

Ölkə iqtisadiyyatında digər mənfi tendensiya əsas kapitala yatırımların azalmasıdır. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 374,5 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azalma deməkdir. Bu zaman neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,0 faiz artıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
17
12
musavat.com

10Mənbələr