AZ

Uçot dərəcəsi dəyişmədi

Mərkəzi Bankın (MB) sentyabrın 10-da qəbul etdiyi qərara əsasən, uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8 faiz səviyyəsində dəyişməz saxlanılıb. Qərar ölkədəki mövcud inflyasiya hədəfləri dəhlizinə və gözləntilərə, eləcə də valyuta bazarında vəziyyətə əsasən qəbul edilib. Beləliklə, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü uçot siyasətində əvvəlki sabit rejimin saxlanılmasını şərtləndirib.

Qlobal mühit əlverişli, inflyasiya idxalı məhduddur

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. MB bildirir ki, inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq qiymət indeksi 5 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,2 faiz, ödənişli xidmətlər üzrə 5,6 faiz, qeyri-qida məhsulları üzrə isə 2,1 faiz olub. İllik baza inflyasiya isə 4,6 faiz təşkil edib.

Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Dünya əmtəə, xüsusilə də ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, ticarət tərəfdaşlarında həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib. Belə ki, qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb. Təhlillərə əsasən, son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0,7 faiz, o cümlədən ərzaq qiymətləri indeksi 3,3 faiz azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.

Valyuta bazarında təklif tələbi üstələyib

Məhz bu amillər Azərbaycanı xarici inflyasiya təzyiqlərindən neytrallaşdırır və Mərkəzi Bankın arxayınçılığı da məhz budur. Ona görə də uçot dərəcəsinin sabit saxlanılması konservativ və təmkinli siyasətin nəticəsi hesab edilə bilər.

Aparılan dəyərləndirmələr göstərir ki, cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla, ümumilikdə, valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2,3 milyard dollar və ya ÜDM-in 6,3 faiz səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1,6 milyard dollar təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu isə dəyişməz qalır.

Pul bazarında aktivlik yüksəkdir

Ötən dövr ərzində pul bazarında qısamüddətli faizlərdə də stabil dinamika müşahidə olunub. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Belə bir şəraitdə Mərkəzi Bank açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin təsirini minimallaşdırmağa çalışır. Pul bazarında aktivlik yüksək olaraq qalır.

Qlobal ərzaq bahalaşması gözlənilmir

Ehtimallara görə, xarici faktorlarda əsas rol oynayan mal və əmtəələrin, xüsusilə də qlobal ərzaq bahalaşması gözlənilmir. Baza ssenarisinə əsasən, illik inflyasiyanın hədəf daxilində olacağı, 2025-ci ilin yekununda 5,7 faiz olacağı gözlənilir. İnflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır. Ancaq bununla yanaşı, qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə davam etdiriləcək. Qiymət indeksində təsiredici amillərdən biri olan daxili faktor inflyasiya ilə mübarizə tədbirlərinin bir hissəsi kimi diqqətdə saxlanılacaq.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar isə faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək.

E.CƏFƏRLİ

Seçilən
8
3
yeniazerbaycan.com

10Mənbələr