AZ

"Şamaxı"nın qapıçısı "Neftçi" ilə oyunda həlledici qurtarışı və penaltidən danışdı

BAKI. 17 avqust. TELEQRAF

“Çətin oyun oldu. Burada oynamaq həmişə çox ağırdır".

Bunu Teleqraf-a açıqlamasında "Şamaxı"nın qapıçısı Rikardu Fernandeş səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının I tur qarşılaşmasından sonra deyib.

Portuqaliyalı qolkiper matçın çətin keçdiyini bildirib: Onların bu mövsüm güclü komandası var və çox yaxşı futbol nümayiş etdirirlər. “Şamaxı” isə böyük əzmkarlıq və xarakter göstərdi, bu da yaxşı nəticələr gətirə bilər".

O, 45+2-ci dəqiqədə "Neftçi"nin kapitanı Emin Mahmudovun yerinə yetirdiyi penalti zərbəsini dəf edə bilmədiyi epizoda toxunub: “Keçən mövsüm elə bu stadionda Emin penaltini sol tərəfə vurmuşdu və topu çıxarmağa çox yaxın idim. Bu mövsüm yenə eyni tərəfə vuracağını düşündüm, amma o, istiqaməti dəyişdi. Emini təbrik edirəm”.

31 yaşlı qolkiper 90+4-cü dəqiqədə təhlükəli zərbəni dəf etməsi ilə yadda qalıb. "Şamaxı"nın qapıçısı həmin epizodu həlledici an kimi dəyərləndirib: "Belə xırda detallar oyunun taleyini dəyişə bilər”.

Fernandeş komandasındakı rolundan da söz açıb: “Mən sadəcə, klubuma kömək etmək üçün öz işimi görməyə çalışıram. Bu barədə çox danışmağa ehtiyac yoxdur. Məqsədim meydanda hər kəs kimi komandaya fayda verməkdir. Bu gün bütün futbolçular mübarizə apardı və komandaya mümkün qədər yaxşı şəkildə kömək etməyə çalışdılar”.

Qeyd edək ki, Rikardu Fernandeş aprelin 4-də "Şamaxı" ilə müqaviləsini 2027-ci ilin iyununadək uzadıb.

Seçilən
32
50
teleqraf.com

10Mənbələr