AZ

Samir Abasov: Yeni futbolçular hələ bir-birini anlamaqda çətinlik çəkirlər

BAKI. 16 avqust. TELEQRAF

"Mövsümün ilk oyununda hədsiz dəyişiklik müqabilində nəticəyə nail olmaq çətin idi. Amma mən komandamdan razıyam, əllərindən gələni etdilər".

Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, 2 epizoddan əlavə, rəqibin hansısa çaşqınlıq yaradan epizodunu xatırlamır: "Əvəzində biz hər iki hissədə qol vəziyyətləri yaratdıq. Futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. İlk oyunun çətinliyini anlamalıyıq. Yeni futbolçular hələ bir-birini anlamaqda çətinlik çəkirlər. Bugünkü oyunda qələbə əzminə görə komandama təşəkkür edirəm".

O, komandasından narazı qaldığı məqamların olmadığını dilə gətirib: "Bu futbolçular üçün komanda, çempionat yenidir. Bu gün narazı yox, üzüldüyüm məqamlar oldu. Sağ və sol vingerlərimizin məşqdə sıradan çıxmaları, məşqdə zədələnmələri bizə problemlər yaratdı. Amma digər futbolçularımıza heç bir iradım yoxdur. Qapıçı Kenan Piriçin ilk qolda mövqe səhvinin olduğunu aydınlaşdırmaq üçün təhlillər aparmalıyıq. Bunu Piriçlə danışmamışıq".

Abasov bildirib ki, Rza Cəfərov məşq vaxtı zədə aldığı üçün qarşılaşmada iştirak etməyib: "Üç təcrübəli qapıçımız var. Bu da bizim üçün yaxşı, xoş haldır. Bu mövqedə yaxşı rəqabət var. Rza Cəfərovu söz-söhbətləri sakitləşdirmək üçün kapitan təyin etmişdim. Ona bu təyinatın müvəqqəti olduğunu demişdim. Bu gün kapitanımız Emin Mahmudovdur. Söhbət qola taxılan sarğıdan getmir, mənə dəstək və köməkdən gedir. Seçdiyimiz insanlar var, bu söhbətləri bağlamaq lazımdır. Rza kapitan olsa da, olmasa da bizim üçün dəyərlidir".

Baş məşqçi avrokuboklara vəsiqə uğrunda mübarizə aparan heyət formalaşdırdıqlarını açıqlayıb: "Kiminlə yollarımızı ayıracağımızı rəsmi saytımız barədə açıqlayacağıq. Sifariş ərizəmizdə olmayan futbolçularla bağlı yaxın günlərdə saytımızda xəbərlər çıxacaq. Uzun marafona girmişik. Bu marafonda məğlubiyyət də olacaq. Əsas öz işimizi tamamlamaqdır".

O, hücumda bitiriciliyin çatışmamasını yeni oyunçulara almaqla aradan qaldırmayacaqlarını dilə gətirib: "Düşünürük ki, yetərincə qol vəziyyəti yaratdıq. Birinci hissədəki imkanları qola çevirsəydik, nəticə başqa cür olardı. Qarşıdakı oyunlara hazırlaşacağıq".

Seçilən
21
50
teleqraf.com

9Mənbələr