Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Aqil Nəbiyev Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsində yer aldıqları qrupda uğurlu nəticəyə imza atacaqlarına ümid edir.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında mütəxəssis özü bildirib.
O, hazırda Bakıda davam edən, avqustun 17-dən 22-dək isə Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək təlim-məşq toplanışı barədə danışıb: "Bildiyiniz kimi, Avropa çempionatında Fransa, İsrail və Rumıniya yığmalarına rəqib olmuşuq. Rəqiblərimiz çətindir, bununla belə, oyunlara ciddi hazırlaşırıq. Təəssüf ki, zədəli futbolçularımız var. Qapıçımız Rauf Əyyubov bu gün barmağından əməliyyat olunacaq. Bundan başqa, bərpa prosesi keçən bir neçə futbolçularımız da var. Hazırlığın ilk mərhələsini Bakıda, ikinci hissəsini isə Monteneqroda davam etdirəcəyik. Bu ölkənin komandası ilə yoxlama oyununda qarşılaşacağıq".
Mütəxəssis yoxlama oyununda qarşılaşacaqları rəqibi təhlil etdiklərini söyləyib: "Mart ayından bu yığmaya təyin olunmuşam. Qısa müddət ərzində çox şeyi dəyişmək olmur. Ümid edirəm ki, yaxşı oyun sərgiləyib, qrupda ilk iki yerdən birini tutacağıq. Yoxlama oyununda üz-üzə gələcəyimiz Monteneqronu təhlil etmişik. Son görüşlərini qələbə ilə başa vurublar. Meydanda istədiklərimizi həyata keçirsək, qələbə qazana bilərik. Təəssüf ki, futbolçularımızın bəzilərinin fiziki durumunda problemlər var. İnşallah, zamanla həll olunacaq. Futbolçular uzun müddət bərabər olsalar, bir-birilərini daha yaxşı başa düşərlər".
Qeyd edək ki, Avropa çempionatının birinci mərhələsində 9-cu qrupda yer alan U-17 yığmamız Fransa, İsrail və Rumıniya seçmələri ilə mübarizə aparacaq. Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.
İdman.biz