AZ

Türkiyəli professor: Vaşinqton razılaşması Cənubi Qafqazın gələcəyi baxımından tarixi hadisədir  

Azərbaycan ilə Ermənistan arasında qalıcı sülhün təmin olunması istiqamətində avqustun 8-də Vaşinqtonda ortaya qoyulan ortaq iradə Cənubi Qafqazın gələcəyi baxımından tarixi hadisədir. Beynəlxalq münaqişə və böhranların getdikcə dərinləşdiyi bir dövrdə əldə edilən bu irəliləyiş, regional sülh və sabitlik baxımından strateji əhəmiyyətə malikdir. ABŞ administrasiyasının həlledici rolu təqdirəlayiqdir. Bununla yanaşı, prosesin bugünkü mərhələyə çatmasında Türkiyənin israrlı diplomatik təşəbbüslərinin və Prezident Rəcəb Tayyib Ərdoğanın regional və qlobal sülh naminə həyata keçirdiyi intensiv lider diplomatiyasının töhfəsi böyükdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Veli Universitetinin professoru, Türkiyənin SETA-Siyasi, İqtisadi və İctimai Araşdırmalar Vəqfinin tədqiqatçısı Erman Akıllı deyib.

O bildirib ki, on illərdir davam edən münaqişənin həllində əldə olunan bu irəliləyiş, yalnız tərəflərin sülhə olan sadiqliyini deyil, eyni zamanda, Türkiyənin qətiyyətli və konstruktiv diplomatik səylərinin konkret nəticələrini də əks etdirir. Erman Akıllının sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə aparılan regional diplomatiya, Bakı ilə İrəvan arasındakı dialoq zəminini möhkəmləndirib, qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verib. Ankara İkinci Qarabağ müharibəsindən sonra yaranmış fürsət pəncərəsinin bağlanmaması üçün prosesi daim gündəmdə saxlayıb, Ermənistanı sülh masasının ətrafında saxlayacaq mexanizmlərin yaradılmasında qabaqcıl rol oynayıb. Türkiyə bu səyləri ilə yalnız vasitəçi deyil, daimi sülhün memarlarından birinə çevrilib.

“Gəlinən bu mərhələdə Cənubi Qafqazın əmin-amanlığa və rifaha qovuşması üçün tarixi bir imkan yaranıb. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə qardaş Azərbaycanın fədakar səylərinə tam dəstək verməyə, regional sülhün təmin olunması istiqamətində konstruktiv təşəbbüslər irəli sürməyə və tərəflərlə sıx təmasda olaraq prosesi irəlilətməyə davam edəcək. Bu diplomatik baxış, yalnız Qafqazda deyil, ətraf bölgələrdə də sabitliyi və əməkdaşlığı möhkəmləndirən bir model kimi ön plana çıxır”, - deyə professor əlavə edib.

Seçilən
100
50
azerbaijan-news.az

10Mənbələr