Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 36,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 % az sənaye məhsulu istehsal edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 3,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 % artıb.
Sənaye məhsulunun 61,5 %-i mədənçıxarma sektorunda, 32 %-i emal sektorunda, 5,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 0,2 % artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,2 %, əczaçılıq məhsullarının istehsalı 81,3 %, toxuculuq sənayesi məhsullarının istehsalı 27,5 %, kimya sənayesi məhsullarının istehsalı 10,7 %, qida məhsullarının istehsalı 10,6 %, maşın və avadanlıqların istehsalı 10,6 %, tütün məmulatlarının istehsalı 8,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 5,3 %, neft məhsullarının istehsalı 1,4 % artıb, içkilərin istehsalı 1,2 %, mebel istehsalı 5,2 %, tikinti materiallarının istehsalı 5,8 %, hazır metal məmulatlarının istehsalı 10,4 %, metallurgiya sənayesi məhsullarının istehsalı 12 %, elektrik avadanlıqlarının istehsalı 12,2 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 12,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,8 %, kompüter, elektron və optik məhsulların istehsalı 20 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,3 %, kağız və karton istehsalı 24,6 %, poliqrafiya məhsullarının istehsalı 28,1 %, geyim istehsalı isə 38,3 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 % artıb.