BAKI, 11 avqust. TELEQRAF
Hindistan mətbuatı Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi marşal Asim Münirin sərt bəyanatlarını müzakirə edir.
Teleqraf xəbər verir ki, marşal ABŞ-nin Florida ştatında olarkən Hindistanda müzakirələrə səbəb olan açıqlamalar verib.
Hindistanda nəşr olunan “The Print” qəzetinin məlumatına görə, Münir ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Florida ştatının Tampa şəhərindəki qərargahında keçirilən tədbirə qonaq qismində qatılıb:
“Ardınca ABŞ-də yaşayan bir qrup pakistanlı ilə görüşüb.
Məlumatlara görə, iş adamı Adnan Əsədin “Grand Hyatt” otelində təşkil etdiyi eksklüziv görüşə nə mobil telefonlar, nə də rəqəmsal cihazlar buraxılıb”.
Hindistan nəşri marşal Münirin nahardan sonrakı çıxışına istinad edərək, görüşdə iştirak edən mənbələrdən “olduqca məxfi məlumat” aldığını iddia edib.
“The Print”in həmin iddiasına görə, Pakistan ordusunun Baş Qərargah rəisi çıxışda Hindistanla yeni müharibə başlayarsa, nüvə silahından istifadə etməkdən çəkinməyəcəklərini bəyan edib:
“Dehlinin Hind çayının sularının Pakistan ərazisinə axmasının qarşısını almaq üçün bəndlər tikmək planlarından danışan Münir bu bəndləri mütləq vuracaqlarını bildirib”.
Nəş marşaldan bu sitatı da gətirib:
“Biz nüvə dövlətiyik, batacağımızı düşünsək, dünyanın yarısını özümüzlə aparacağıq.
Uca Allah Pakistanı öz lütfü ilə bərəkətləndirəcək. Pakistan Kəlimeyi Şərif əsasında qurulan iki dövlətdən biridir. Bunlardan birincisi Məhəmməd peyğəmbərin əsasını qoyduğu Mədinə idi.
İkinci dövlət Pakistandır. Mədinə torpaqları kimi, Allah Pakistanı enerji və təbii sərvətlərlə mükafatlandıracaq. Həqiqətən də ölkəmiz nadir torpaq elementlərinin, qiymətli mineralların, karbohidrogenlərin böyük ehtiyatlarına malikdir”.